ABŞ prezidenti Co Bayden ölkəsində silahlı zorakılığın, hücumların qarşısını almaq üçün həll yolları hazırlamaq və hücum qurbanlarına dəstək olmaq üçün rəsmi olaraq ilk federal bölmənin yaradıldığını açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ağ Evdəki mətbuat konfransında danışan Bayden, ABŞ-ın vitse-prezidenti Kamala Harrisin silahlı zorakılıq və hücumların qarşısını almaq və hücum qurbanlarına dəstək olmaq üçün qurulan Silah Zorakılığının qarşısının alınması Ofisinin rəhbəri vəzifəsinə təyin edildiyini açıqlayıb.
Ölkəsində ilin əvvəlindən bu yana 500-dən çox kütləvi atışma olduğunu və 30 mindən çox insanın silahlı zorakılıq nəticəsində öldüyünü qeyd edən Bayden bu hücumları "cəmiyyəti viran qoyan qasırğa" kimi qiymətləndirib.
Yeni bölmənin məqsədi keçən il qəbul edilmiş silah təhlükəsizliyi qanununun və Bayden administrasiyasının silah zorakılığının qarşısının alınması qərarlarının faktiki olaraq ölkə daxilində həyata keçirilməsini təmin etməkdir.
Bölmə həmçinin ştatlarda kütləvi atışma və silahlı zorakılıq yaşayan ailələrə dövlət dəstəyini koordinasiya etməyi planlaşdırır.
Dünyada ən çox kütləvi atışmaların baş verdiyi ölkə olan ABŞ-da Silah Zorakılığı Arxivi 2022-ci ildə təxminən 645, 2021-ci ildə isə 690 kütləvi atışma olduğunu bildirdi.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə