Rusiya lideri Vladimir Putinin 2014-cü ildə ilhaq etdiyi Ukrayna ərazisi olan Krımda bu gün günorta saatlarında qulaqbatırıcı partlayış səsi eşidilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, yayın əvvəlindən Qara dənizin şimalındakı ən strateji hərbi dəniz bazasına ev sahibliyi edən Krım yarımadasını hədəfə alan ukraynalılar Rusiya ordusuna raketlərlə yanaşı, pilotsuz hava və dəniz vasitələri ilə də hücum edir. Kerç körpüsündən tutmuş Sevastopoldakı hərbi dəniz bazasında yerləşən hərbi gəmi və sualtı qayığa, 200 milyon dollarlıq radardan Qara dənizdəki əsas limana qədər bir çox hədəfi vuran ukraynalılar bu gün Moskvaya unudulmaz zərbə vurublar.
Krım yarımadasının paytaxtı Sevastopolda yerləşən Qara Dəniz Donanmasının əsas qərargahı günorta saatlarında raketlə vurulub. Rusiyanın Krım yarımadasındakı işğalı üzrə meneceri Mixail Razvozhayev əsas qərargahın raketlə hədəfə alındığını açıqlayıb. Sosial mediada yayımlanan görüntülərdə qərargah binasından yüksələn qara tüstü diqqət çəkir və bəzi görüntülər kilometrlərlə uzaqdan çəkilib. Rusiya Müdafiə Nazirliyi Krımda yerli vaxtla saat 10.30-da həyata keçirilən hücumun dəf edildiyini və hava hücumundan müdafiə sistemlərinin Ukraynanın idarə olunan raketlərini və pilotsuz uçuş aparatlarını məhv etdiyini iddia edən açıqlama yayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə