Şimali Atlantika Alyansı regional ittifaq olaraq qalacaq. Təşkilat Avropadan kənara çıxmayacaq.
SİA TASS-a istinadən xəbər verir ki, bunu təşkilatın baş katibi Yens Stoltenberq ABŞ Xarici Əlaqələr Şurasında deyib.
“NATO-ya yalnız Avropa ölkələri qoşula bilər. Təşkilat 5-ci maddənin tətbiqi üçün qlobal ittifaq olmayacaq”. Bunu deyən Stoltenberq bildirib ki, alyans Avstraliya, Yeni Zelandiya, Yaponiya və Avropadan kənarda olan digər ölkələrlə əməkdaşlıq edir, çünki təhlükəsizlik regional deyil, qlobal məsələdir.
Bundan əlavə, NATO-nun baş katibi aktiv döyüş əməliyyatları dövründə Ukraynanın alyansa dəvət olunma ehtimalını bir daha istisna edib.
Bundan əvvəl Rusiya Federasiyası qeyd etmişdi ki, Ukraynanın NATO-ya daxil olması Rusiya üçün təhlükə yaradacaq və Kiyevin təhlükəsizliyini artırmayacaq.
Rusiya prezidenti Vladimir Putinin sözlərinə görə, Ukraynanın alyansa qoşulması təhlükəsi bu ölkədə xüsusi əməliyyatın keçirilməsinin səbəblərindən biridir.
Xatırladaq ki, Kiyev Ukraynanın NATO-ya üzv olmaq üçün ərizə verdiyini ötən il sentyabrın 30-da elan etmişdi. Eyni zamanda alyansa üzv dövlətlər Ukraynanın üzvlük prosedurunu sadələşdirməyə razılaşıblar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə