“Neuralink” neyroçipinin insanlar üzərində sınaqları başlayır

“Neuralink”, N1 beyin implantı ilə implantasiya etmək üçün könüllülər axtarmağa başlayıb
“Neuralink” neyroçipinin insanlar üzərində sınaqları başlayır

Milyarder İlon Maska məxsus Amerikanın “Neuralink” şirkəti eyniadlı terapevtik cihazı sınaqdan keçirmək üçün könüllülər cəlb etməyə başlayıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, “Neuralink” birbaşa beyinə implantasiya edilən mikroçipdir.

Tədqiqat yaralanma və ya nevroloji xəstəlik səbəbiylə iflic olan insanları əhatə edə bilər. Deyilənlərə görə, əgər testlər uğurlu olarsa, onlar yenidən hərəkət edə biləcəklər.

“Neuralink” mikrokompüteri təxminən bir sikkə ölçüsündədir. Onun tərkibində 3000-dən çox elektrod var, hər biri insan saçından 10 dəfə nazik olan naqillərlə beyinə bağlanır və minə yaxın neyronu idarə edə bilir.

Qeyd edilir ki, ABŞ Qida və Dərman Agentliyi may ayında “Neuralink” sınağını təsdiqləyib. Belə ki, o vaxt proqrama tam iflic olan könüllülər dəvət olunmuşdu.

Onlar mikrokompüter aldıqdan sonra, altı il nəzarət altında olacaqlar. Bundan sonra texnologiyanın effektivliyi və təhlükəsizliyi barədə nəticə çıxarmaq mümkün olacaq.

Uğurlu olarsa, texnologiya kütləvi istifadə üçün təsdiqlənə bilər.

Onu da qeyd edək ki, daha əvvəl Maskın şirkəti “Neuralink”in eksperimental heyvanların: donuzların və meymunların beyninə implantasiyasının nəticələrini nümayiş etdirmişdi.

Yeri gəlmişkən, İlon Maskın özü neyroçiplərin istifadəsi üçün geniş perspektivlər görür, amma...

Proqramın tənqidçiləri beyindəki hər hansı yad cismin infeksiya və iltihablanma riski olduğunu vurğulayırlar. Bundan əlavə, mikrokompüter qırıldıqda nəticələr məlum deyil.

...Və çipin hazırlanması zamanı “Neuralink” artıq sınaq zamanı eksperimental heyvanların ölümü ilə bağlı dəfələrlə məlumat verməli olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə