Özbəkistanda reydlər: saqqallar qırxılır, hicablar çıxarılır...

...Özbəkistanın hakimiyyət orqanları dinə qarşı kampaniya açıb?.. Bu gün ölkədə bəzi şeylər yaşanır.

SİA-nın əldə etdiyi məlumata görə, Özbəkistanda İslam dininin daşıyıcıları olan kişilər saqqallarını qırxmağa, qadınlar isə hicablarını çıxarmağa məcbur edilirlər.

Qeyd edək ki, bununla bağlı bir neçə video da yayımlanıb. Məsələn, yayımlanan videoların birində Əndicandakı Bank Kollecinin hicablı tələbələrinə başlarını açmaq göstərişi verilib. Videodan da göründüyü kimi, bu tələbi yerinə yetirməkdən imtina edənlərin təhsil almasına icazə verilmir.

Maraqlıdır ki, deyilənlərə görə, bu, ilk belə hadisə deyil. Bundan əvvəl Buxara Mühəndislik və Texnologiya İnstitutunun 3-cü kurs tələbəsi Fatimə Abdullah Özbəkistan prezidentinin qızı Şavkat Mirziyevin qızı Səidəyə müraciət edərək hicablarını çıxarmağa məcbur edilən universitet tələbələrinin müdafiəsini tələb edibmiş, amma...

Qeyd edək ki, analoji tədbirlərin Çirçik Dövlət Pedaqoji Universitetində də tətbiq olunduğu da bildirilir. Belə ki, universitet rəhbərliyi özbək dili və ədəbiyyatı fakültəsinin 3-cü kurs tələbəsi Karomat Mukimovanın yataqxanada yer alması üçün hicabını çıxarmağı tələb edib.

...Zəngiata və Yeniyul rayonlarında hicablı qadınların evlərinə basqın edildiyi barədə də xəbərlər var. Verilən xəbərlərə görə, qara maskalılar evlərə girərək axtarışlar aparıblar.

Yeri gəlmişkən, Özbəkistanlı “Facebook” istifadəçiləri saqqallı kişilərin də təqib edildiyini bildirirlər. Onlar bu yaxınlarda Daşkəndin Sergeli rayonundakı bazarda 10 saqqallı kişinin saxlanıldığını və sonradan onlara 15 sutka inzibati həbs cəzası verildiyi barədə xəbər paylaşıblar.

Digər bir “Facebook” istifadəçisi, Daşkəndin Mirzo-Uluqbek və Almazar rayonlarında da analoji reydlər barədə məlumat verib. Orada təhlükəsizlik qüvvələrinin dörd nəfərin saqqalını zorla qırxdığı iddia edilir. Onlardan biri müqavimət göstərməyə çalışıb və buna görə 15 sutka həbs olunub.

Verilən başqa bir xəbərdə Daşkənd Şəhər Prokurorluğunun İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsi, Daşkənd Şəhər Vergilər Departamenti və Dövlət Sanitariya-Epidemiologiya Xidmətinin əməkdaşları tərəfindən sentyabrın 11-12-də Daşkənddə keçirilən reydlər zamanı dindarların yemək yediyi ondan çox kafe bağlanıb.

Kafelər sanitar qaydalara əməl etməməkdə ittiham olunublar.

...Dinə qarşı mübarizə çərçivəsində təhlükəsizlik qüvvələri Daşkənddə İslam ədəbiyyatı, ətir və geyim satışı ilə məşğul olan bir neçə mağazanı da nəzarətə götürüb.

Xatırladaq ki, Özbəkistan parlamenti İctimai yerlərdə davranış qaydalarına dəyişiklik etdikdən sonra saqqal və hicaba qarşı kampaniya başlayıb. Onların sözlərinə görə, dini qurumlarda çalışanlar istisna olmaqla, Özbəkistan vətəndaşlarına ictimai yerlərdə “dini” geyim geyinməyə icazə verilmir.

...Bundan əvvəl Özbəkistanın Baş naziri Abdulla Aripov və Dövlət Təhlükəsizlik Xidmətinin sədri Abdusalom Əzizovun iştirakı ilə keçirilən görüşdə ölkədə “dini radikallaşmanın artması” ilə bağlı narahatlıq ifadə olunub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə