Moldovadan qovulan “redaktor” Rusiya ordusunun polkovniki imiş…
...Sentyabrın 13-də Moldovadan qovulan Rusiyanın “Sputnik Moldova” xəbər agentliyinin rəhbəri Vitali Denisovun Rusiya ordusunda zabit olduğu iddia edilir.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu açıqlama “The Insider”in araşdırmasında yer alıb.
“…Denisovun jurnalistika ilə çox dolayı əlaqəsi var və ehtimal ki, Baş Kəşfiyyat İdarəsinin maraqlarına uyğun olaraq xarici auditoriyaya məlumat yeritmə və dezinformasiya ilə məşğul olan 72-ci Xüsusi Xidmət Mərkəzinin (54777 saylı hərbi hissə) karyera zabitidir”.
Bunu “The Insider” bildirir.
Əldə edilən məlumata görə, Denisov o vaxtkı Ukrayna SSR-in Zakarpat vilayətində anadan olub, sovet dövründə Lvov Ali Hərbi-Siyasi Məktəbində təhsil alıb. 1992-ci ildə Moskvaya gedib, Müdafiə Nazirliyinin əsas çap orqanı olan “Krasnaya Zvezda” qəzetinin əməkdaşı olub, 2005-ci ildə Müdafiə Nazirliyindən idarə mənzili alıb, 2013-cü ildən isə Baş İstintaq İdarəsinin Moskva bölgəsində işlədiyi bildirilir.
“The Insider”in Müdafiə Nazirliyindəki mənbəyə istinadən verdiyi məlumata görə, Denisov İstintaq Komitəsindən 72-ci Xüsusi Xidmət Mərkəzinə keçib, o, xüsusən də xarici auditoriyaya saxta məlumatların yayılması ilə məşğul olub.
2016-cı ildə Denisova polkovnik rütbəsi verildiyi iddia edilir. 2019-cu ildən “Sputnik”ə qismən tanınan Cənubi Osetiyada, sonra Azərbaycanda, 2022-ci ildən isə Moldovada rəhbərlik edib.
Qeyd edək ki, deyilənlərlə bağlı Denisovun özündən heç bir şərh yoxdur.
Yeri gəlmişkən, Denisov Moldova Respublikasının milli təhlükəsizliyinə təhlükə yaradan şəxs kimi ölkəni tərk etməli olub.
Moskva isə onun qovulmasına etiraz edib.
Xatırladaq ki, 2023-cü ilin iyul və avqust aylarında Moldova Moskvanın ölkədə sabitliyi pozmaq cəhdlərindən narahatlığını əsas gətirərək 45 rusiyalı diplomatı və səfirlik əməkdaşını ölkədən çıxarıb. Bundan əvvəl Rusiyanın Kişinyovdakı səfirliyinin damında telefon danışıqlarını dinləməyə imkan verən antenaların olduğu bildirilən araşdırma aparılıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB