Deyəsən, bunun Rusiyadan getmək fikri yoxdur..?

Deyəsən, bunun Rusiyadan getmək fikri yoxdur..?

Şimali Koreya lideri Kim Çen Inın Rusiyanı nə vaxt tərk etmə vaxtı məlum deyil. Qeyd edək ki, onun səfəri hələ də davam edir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə şənbə günü Rusiyanın Şimali Koreyadakı səfiri Aleksandr Matseqora bildirib.

“Onun nə vaxt gedəcəyi hələ məlum deyil. Proqram, özü də çox gərgin proqram davam edir”.

Bunu bildirən rusiyalı səfirə görə, Kim Çen In Rusiya haqqında çox böyük bilik nümayiş etdirir və onun bildiyini başa düşmək üçün suallar verir.

Xatırladaq ki, Kim Çen In sentyabrın 12-də Rusiyaya qatarla gəlib. Bu, onun Rusiyaya da gəldiyi 2019-cu ildən sonra ilk xarici səfəridir. Sentyabrın 13-də o, Amur vilayətindəki Vostoçnıy kosmodromunda Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Cümə günü Kim Komsomolsk-na-Amurda olub, burada təyyarə zavodunu ziyarət edib. Ona “Su-35” qırıcısının yerinə yetirdiyi akrobatik manevrlər də göstərilib.

Şənbə günü səhər Kim Çen In qatarı ilə Primorsk ərazisinə gəlib. Orada yenidən Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşüb. Kim Çen Ina Rusiyanın “Tu-160”, “Tu-95MS” və “Tu-22M3” hərbi təyyarələri, həmçinin “MiQ-31”-dəki “Kinjal” raket sistemi nümayiş etdirilib.

Daha sonra Sakit Okean Donanmasının marşalı Şapoşnikov freqatında Şimali Koreya lideri “Kalibr” qanadlı raket sistemlərini yoxlayıb. Bu raketlər, “Kinjal” kimi, Ukraynanı vurmaq üçün istifadə olunur.

Deyilənlərə görə, Kim Çen Inı dayandığı vağzallarda sovet geyimləri kimi stilizə olunmuş məktəbli formasında uşaqlar güllərlə qarşılayırlar.

Primorsk diyarının qubernatoru Oleq Kojemyako uşaqlara müraciət edərək onlara Şimali Koreya lideri ilə rusiyalı uşaqların KXDR-də pioner düşərgələrinə istirahətə göndərilməsi imkanlarını müzakirə edəcəyini bildirib.

Kojemyakonun dediyinə görə, orada yaxşı düşərgələr var.

Xatırladaq ki, səfər zamanı əldə olunmuş razılaşmalar barədə rəsmi məlumat verilməyib. Amma Qərb mətbuatı səfərdən əvvəl və səfər zamanı mənbələrə istinadən, söhbətin hərbi sahədə ikitərəfli əməkdaşlıqdan, o cümlədən Ukraynaya qarşı müharibədə istifadə üçün Şimali Koreya silah və sursatının Rusiyaya tədarükündən gedə biləcəyini yazıb.

Yeri gəlmişkən Vaşinqton xəbərdarlıq edib ki, bu cür tədarüklər olacağı təqdirdə ABŞ həm Pxenyana, həm də Moskvaya qarşı əlavə sanksiyalar tətbiq edəcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə