“Ermənistan Rusiyanın nəzarətindən çıxmaq üçün yollar axtarır” - POLİTOLOQ ŞƏRH ETDİ

“Ermənistan Rusiyanın nəzarətindən çıxmaq üçün yollar axtarır” - POLİTOLOQ ŞƏRH ETDİ

“ABŞ-la Ermənistan arasında birgə təlimlər rəsmi İrəvanın Rusiyanı Qərbə dəyişməsi fonunda baş verir və Rusiya da baş verənlərə təbii olaraq seyrçi qalmaq fikrində deyil. Əslində Ermənistan uzun müddətdir ki, Rusiyanın nəzarətindən çıxmaq üçün yollar axtarır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, Paşinyan hələ hakimiyyətə gəlməzdən öncə, istər jurnalistlik fəaliyyətində, istərsə də müxalifətdə olduğu dönəmdə məhz bu mövqeni müdafiə edib: “Elə məhz bu cür mövqeyinə görə də SOROS başda olmaqla ABŞ və Qərb dairələri seçkilərdə tam gücləri ilə ona dəstək verdilər və hakimiyyətə gəlməsində mühüm rol oynadılar. Başqa sözlə desək Paşinyan həmin dairələr qarşısında konkret öhdəlik götürmüşdü və indi də bu öhdəliyə uyğun olaraq ona verilmiş tapşırığı icra edir.

Rusiya da bunu görür. Təbii ki, Ermənistanı özünü arxa bağçası hesab edən Rusiya bu ölkənin Qərbin qucağına oturmasına, ABŞ-la birgə təlimlər keçirməsinə göz yuma bilməz və yummayacaq da. Başı hər nə qədər Ukrayna savaşına qarışsa da Rusiyanın əlində Ermənistana təzyiq imkanları kifayət qədərdir. Ermənistanın qaz və yanacaq məhsulları ilə təminatı böyük ölçüdə Rusiya tərəfindən həyata keçirilir. Bu isə Rusiyaya yanacaq, benzin, dizel və digər enerji məhsulları ilə təminat baxımından Ermənistana təzyiq imkanları verir. Xüsusən də üzü qışa doğru Rusyanın qiymətləri qaldırması Ermənistan üçün çox ağır nəticələr verə bilər. Buraya iqtisadiyyatın digər sahələrində Rusiyanın monopoliyasını, Ermənistan dəmir yollarının tamamilə Ryusiyanın nəzarətində olmasını və ümumilikdə iqtisadi cəhətdən Rusiyadan asılı olduğunu da nəzərə alsaq deyə bilərik ki, rəsmi Kreml Ermənistan hiddətini göstərmək və yerində oturmaq üçün bütün vasitələrdən istifadə edəcək.

Digər təzyiq imkanı Ermənistan müxalifəti içərisində Rusiyanın dayaqlarının möhkəm olması ilə bağlıdır. Tamamilə əminəm ki, yaxın günlərdə Ermənistanda Paşinyan əleyhinə yeni kütləvi aksiyaların şahidi olacağıq. Rusiyanın Qarabağda olan emisarı Vardanyan artıq açıq şəkildə Ermənistanda hakimiyyət dəyişikliyinə dəstək verməyə hazır olduğunu bəyan edib.

Ermənistanın hərəkətlərinə Rusiya rəsmiləri tərəfindən verilən cavalar da rəsmi Kremlin Paşinyan və komandasına dair ciddi hazırlıqda olmasından xəbər verir. Məsələn Peskov öz açıqlamasında İrəvanı açıq-aşkar hədələyib. Onun “Rusiya Ermənistanı tərk edə bilməz və Paşinyan Rusiyada Ermənistanın özündən daha çox erməni yaşadığını unutmamalıdır” bəyanatı faktiki olaraq Paşinyana xəbərdarlıq kimi qəbul edilə bilər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə