Lavrov G20 sammitində ABŞ nümayəndələri ilə əlaqə saxlamadığını bildirib

Lavrov G20 sammitində ABŞ nümayəndələri ilə əlaqə saxlamadığını bildirib

Bu həftə sonu Yeni Dehlidə keçirilən G20 sammitində prezident Vladimir Putinin yerinə iştirak edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov forumda ABŞ nümayəndələri ilə əlaqə saxlamadığını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bazar günü jurnalistlərə açıqlama verən Lavrov İrəvanın amerikalılarla birgə hərbi təlimlər keçirmək niyyətini şərh edərkən ABŞ-ı “aqressiv NATO ölkəsi” adlandırıb.

Qeyd edək ki, Ermənistan ərazisində bu təlimlər sentyabrın 11-20-nə planlaşdırılıb.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan son bəyanatında Ermənistanın təhlükəsizliyinin yalnız bir ölkədən, Rusiyadan asılılığını strateji səhv adlandırıb.

Sentyabrın 8-də Ermənistanın Moskvadakı səfiri Vaqarşak Arutyunyanın Rusiya Xarici İşlər Nazirliyinə çağırıldığı və Kremlin məlumatına görə, İrəvan tərəfindən atılan bir sıra qeyri-dost addımlara görə sərt təqdimat edildiyi bildirilir.

“Biz Ermənistan rəhbərliyinin hərəkətlərindən təəssüflənirik” deyən Lavrov, digər məsələlərlə yanaşı, hazırkı şəraitdə ABŞ-la strateji sabitlik üzrə danışıqların mümkünsüz olduğunu da bildirib.

Lavrov Hindistanda keçirilən G20 sammitini uğurlu hesab edir.

“Əsasən qlobal Cənubun öz maraqlarını müdafiə etmək üçün konsolidasiya edilmiş mövqeyi sayəsində Qərbin bütün gündəmi yenidən “Ukraynalaşdırmaq” cəhdinin uğurunun qarşısını almaq mümkün oldu”.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Xarici İşlər Nazirliyi G20-nin yekun bəyannaməsini tənqid edərək, “qürurlanacaq heç nə olmadığını” bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə