Nikaraquanın Sankt-Peterburqdakı fəxri konsulu həbs edilib

Nikaraquanın Sankt-Peterburqdakı fəxri konsulu həbs edilib

Sankt-Peterburqun Smolninski Rayon Məhkəməsi Sankt-Peterburq Elmi-Tədqiqat Vaksinlər və Zərdablar İnstitutunun keçmiş direktoru Viktor Truxini həbs edib. O, 436,7 milyon rublu mənimsəməkdə ittiham olunur. Daha əvvəl onun itkin düşdüyü bildirilirdi. 59 yaşlı Truxin Nikaraquanın şəhərdəki fəxri konsuludur.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, faktla bağlı mütəşəkkil dəstə tərəfindən xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə maddəsi ilə cinayət işi başlanıb.

“Fontanka”nın məlumatına görə, istintaq hesab edir ki, 2021-ci ildə Truxin Vaksin İnstitutunun hesabından Nikaraquada qeydiyyatdan keçmiş şirkətin hesabına təxminən 6 milyon dollar köçürüb. Rubldakı zərər əməliyyat zamanı məzənnə ilə qiymətləndirilib.

Nəşrin məlumatına görə, pul Nikaraquada peyvənd və digər dərmanların paylanmasını təşkil edən tədqiqat institutunun törəmə müəssisəsinin hesabına köçürülüb.

Qeyd edək ki, bundan əvvəl Truxinin yoxa çıxdığı bildirilirdi. Belə ki, bu barədə qızı polisə müraciət edib. Onu da qeyd edək ki, itkin düşməzdən əvvəl o institutdan qovulubmuş.

Amma əslində Truxin, sən demə, Federal Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən saxlanılıbmış.

Məhkəmədə Truxinin vəkili onun istintaqla fəal əməkdaşlıq etdiyini bildirib və onun ev dustaqlığına buraxılmasını istəyib. Hazırda onun təqsirini etiraf edib-etməməsi barədə məlumat verilməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə