Britaniya Qara dənizdə mülki gəmiləri rusların hücumundan qoruyacaq

Britaniya Qara dənizdə mülki gəmiləri rusların hücumundan qoruyacaq

Britaniya Kral Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Qara dənizdə patrul etməyə başlayıb. Britaniya hökumətinin fikrincə, bu, Rusiyanı Ukrayna taxılını daşıyan gəmilərə hücum etməkdən çəkindirməlidir.

Böyük Britaniya baş nazirinin mətbuat xidmətinin yaydığı press-relizdə bildirilir ki, Rusiya Qara dəniz taxıl təşəbbüsündən geri çəkildikdən sonra yükündən asılı olmayaraq Ukraynaya gedən bütün gəmiləri qanuni hədəf elan edib.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, avqust ayında təhdidlərini gücləndirmək üçün ruslar Dunaydakı Ukrayna limanına gedən mülki gəmini atəşə tutmuşdular.

Britaniya hökuməti qeyd edib ki, London Rusiyanın Qara dənizdəki fəaliyyətini izləmək üçün kəşfiyyat imkanlarından, xüsusən də hava müşahidəsindən istifadə edir.

“Bu müşahidə əməliyyatları çərçivəsində Kral Hərbi Hava Qüvvələrinin təyyarələri Rusiyanı qeyri-qanuni olaraq mülki taxıl daşıyan gəmiləri hədəfə almaqdan çəkindirmək üçün ərazi üzərində uçuşlar həyata keçirir”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, britaniyalılar təkcə mülki gəmilərə açıq hücumların deyil, həm də “yalançı bayraq altında” təxribatların qarşısını almağa çalışırlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə