İsraildə kinorejissorlar Rusiya ilə razılaşmaya etiraz ediblər

İsraildə kinorejissorlar Rusiya ilə razılaşmaya etiraz ediblər

Bu arada İsraildə onlarla mədəniyyət xadimi, kino və televiziya işçiləri Rusiya ilə İsrail arasında kino istehsalı sahəsində əməkdaşlıq haqqında bu yaxınlarda bağlanmış hökumətlərarası sazişə qarşı açıq məktub imzalayıblar.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə İsrailin “Vesti” nəşri məlumat yayıb.

Məktubu imzalayanlar, o cümlədən tanınmış rejissorlar və ssenaristlər müqaviləni “rüsvayçılıq” adlandırıblar. Məktubda “...biz avtoritar ölkə ilə əməkdaşlıq etməyəcəyik” bildirilir.

Qeyd edək ki, sentyabrın 6-da Rusiyanın İsraildəki səfirliyi və Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova kino sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişin imzalanması barədə məlumat yayıblar.

Və bir müddət sonra İsrail Xarici İşlər Nazirliyi belə bir sənədin həqiqətən də imzalandığını təsdiqləyib.

Onu da qeyd edək ki, açıq etiraz məktubunun imzalanmasının təşəbbüskarı yazıçı və ssenarist İlan Şeynfeld olub.

Maraqlıdır ki, Rusiya prezidenti Vladimir Putin və onun rejiminin üzvlərinə sərt ittihamlar səsləndirilən etiraz məktubunda Ukrayna kinorejissorlarına həmrəylik ifadə edilir.

Yeri gəlmişkən, etiraz məktubunu rejissorlar Eran Kolirin və Qay Nativ (“Dəri” filminə görə Oskar mükafatçısı, “Qolda” filminin rejissoru), İsrail Kino və Televiziya İşçiləri Forumunun sədri Lior Elefant və digər 50-dən çox kino sənayesi imzalayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə