ABŞ və Böyük Britaniya 11 rusiyalıya qarşı sanksiya tətbiq edib

Onlar kibercinayətkarlıqda şübhəli bilinirlər
ABŞ və Böyük Britaniya 11 rusiyalıya qarşı sanksiya tətbiq edib

ABŞ Maliyyə Nazirliyi və Böyük Britaniya hökuməti ABŞ eləcə də Böyük Britaniya hakimiyyət orqanlarına qarşı irimiqyaslı kibercinayətlərdə şübhəli bilinən 11 Rusiya vətəndaşını sanksiyalar siyahısına əlavə edib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə iki ölkənin rəsmi saytlarında məlumat verilib.

Sanksiya siyahısına Maksim Qaloçkin, Mixail Çernov, Maksim Xaliulin, Artem Kurov, Sergey Loguntsov, Aleksandr Mojaev, Dmitri Putilin, Maksim Rudenski, Mixail Tsarev, Vadim Vəliaxametov və Andrey Jukov daxildir. Onların əksəriyyətinin adları ilə yanaşı, internetdə tanındıqları təxəllüslər də var.

Xatırladaq ki, Amerikanın “Wired” jurnalı bir müddət bundan əvvəl Qaloçkini qurbanlardan pul qoparan kompüter virusları hazırlayan “Trikbot” haker qrupunun lideri adlandırmışdı. Nəşrin məlumatına görə, qruplara Rusiya təhlükəsizlik qüvvələri ilə əlaqəli ola biləcək 100-dən 400-ə qədər haker daxil ola bilər.

Britaniya hökuməti sanksiya elanında 11 rusiyalının hamısının bu haker qrupunun üzvü olduğuna aydınlıq gətirir. Hesabatda bildirilir ki, hakerlər xəstəxana şəbəkələrini, yerli hakimiyyət orqanlarını və kritik infrastrukturu hədəfə alaraq Rusiyanın Ukraynaya müdaxiləsinin əleyhdarlarını hədələyiblər.

İddialara görə, 2016-cı ildən fəaliyyət göstərən ruslar bütün dünyada haker hücumu qurbanlarından 180 milyon dollar çıxara biliblər.

Qeyd edək ki, fevral ayında Vaşinqton və London Trickbot üzvü olduğu iddia edilən yeddi, altı rus və bir ukraynalıya qarşı artıq sanksiyalar tətbiq etmişdi. Daha sonra isə hakerlərin hərəkətlərinin "Rusiya kəşfiyyatının məqsədləri ilə üst-üstə düşdüyü" bildirildi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə