Ermənistan və ABŞ ordularının bəzi bölmələrinin gələn həftə Ermənistanda birgə hərbi təlim keçirəcəyi açıqlanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda İtaliyanın “La Repubblica” qəzetinə açıqlamasında ölkəsinin Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlığını “strateji səhv” adlandırıb.
Ermənistan Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, “Ermənistanın beynəlxalq sülhməramlı missiyalarda iştirakına hazırlıq çərçivəsində” sentyabrın 11-dən 20-dək “Qartal tərəfdaşı 2023” təlimi keçiriləcək. Təlimin əsasən ötən ilin noyabrında ABŞ-ın maliyyəsi ilə modernləşdirilərək istifadəyə verilən Zar Sülhməramlı Briqada Təlim Mərkəzində və Müdafiə Nazirliyinin N Təlim Mərkəzində keçiriləcəyi açıqlanıb.
Ermənistan Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub ki, təlimin məqsədi “beynəlxalq sülh missiyalarında iştirak edən Ermənistan qoşunlarının ahəngdar əməliyyat qabiliyyətinin səviyyəsini artırmaq” və “Əməliyyat İmkanı Konsepsiyasında planlaşdırılan dəyişikliklərə hazırlaşmaq”dır.
Nazirlik onu da bildirib ki, “Ermənistan qoşunları beynəlxalq sülhməramlı əməliyyatlara hazırlıq məqsədilə tez-tez tərəfdaş ölkələrlə oxşar birgə təlim və təlimlərdə iştirak edir”.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Ermənistan ərazisində erməni-amerikan birgə təlimləri Kremldə narahatlıq yaradır: "Xüsusilə indiki vəziyyətdə belə xəbərlər təbii ki, narahatlıq doğurur. Ona görə də biz bu xəbəri dərindən təhlil edəcəyik və hadisələrin gedişatını izləyəcəyik".
Aprel ayında ABŞ Müdafiə Nazirliyi Pentaqon Ermənistanı Avropada keçiriləcək beynəlxalq "Defender 23" təliminin 26 ölkənin iştirakçı siyahısına daxil edib, lakin bir neçə saat sonra heç bir izahat verilmədən Ermənistanın siyahıdan çıxarılması suallar yaradıb. Ermənistan və ABŞ orduları arasında əməkdaşlığın artması İrəvanın Moskva ilə münasibətlərinin soyuduğu dövrə təsadüf edib. Ermənistan 2020-ci ildə Azərbaycana qarşı ağır məğlubiyyətə uğradığı İkinci Qarabağ müharibəsindən sonra Rusiyanı ona yetərincə dəstək verməməkdə, 2022-ci ildə Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının təlimlərində iştirak etməməkdə ittiham edib və təşkilata ev sahibliyi etməyəcəyini açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB