Rusiyanın Ukraynada dinc sakinlərə qarşı hücumları davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiya ordusunun Ukraynanın Kostiantynivka şəhərində mağazaların olduğu küçəyə təşkil etdiyi hücum nəticəsində 17 nəfər ölüb, 32 nəfər yaralanıb.
Ukraynanın baş naziri Denis Şmihal hücumda ölənlər içərisində bir uşağın olduğunu da qeyd edib. Ukrayna prezidenti Vladimir Zelenski sosial media hesabından hücumla bağlı paylaşım edərək, başsağlığı verib: “Rusiya terrorçuları bazara, mağazalara və aptekə hücum edərək günahsız insanları qətlə yetiriblər. Ölənlərin sayı daha da arta bilər. Dünyada hələ də Rusiya ilə bağlı hər hansı bir işlə məşğul olan hər kəs bu fakta məhəl qoymur. Yaxınlarını itirən hər kəsə başsağlığı verirəm. Rus şərinə ən qısa zamanda qalib gəlmək lazımdır”.
Hücum anı saniyə-saniyə təhlükəsizlik kamerasına düşüb. Küçədəki insanların təşviş içində qaçdığı görülüb. Hücum müharibədə uzun müddət ərzində mülki şəxslərə qarşı edilən ən böyük hücum olaraq qeyd edilib.
Rusiya ordusunun Ukraynanın cənub cəbhəsində ilk müdafiə xəttini yardıqları barədə fikirlərini təsdiqləyən açıqlamalar verilib. Moskvanın Zaporojye vilayəti üzrə yüksək vəzifəli nümayəndəsi Yevgeni Balitski Rusiya ordusunun geri çəkildiyini etiraf edib. "Əl-Cəzirə"də yer alan xəbərə görə, Rusiya rəsmisi bunun “taktiki” səbəblərdən baş verdiyini müdafiə edib. Cənub cəbhəsinin başında duran ukraynalı general Oleksandr Tarnavski Rusiyanın müdafiəsinin 60 faizini təşkil edən birinci müdafiə xəttini keçdiklərini açıqlayıb.
Britaniya hökuməti Rusiyanın muzdlu “Vaqner” qrupunun terror təşkilatı elan ediləcəyini açıqlayıb. Qətnamə parlament tərəfindən qəbul edilərsə, Vaqnerə qoşulmaq və ya onu dəstəkləmək cinayət sayılacaq. İngiltərə daxili işlər naziri Suella Braverman mövzu ilə bağlı verdiyi açıqlamada "Vaqner"in qəddar və dağıdıcı olduğunu deyib: “Onun Afrika və Ukraynadakı fəaliyyəti qlobal təhlükəsizliyə təhdiddir. Qanun layihəsi həm də "Vaqner"in aktivlərinə həbs qoyulmasına imkan verəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB