İran Məhsa Əmaninin əmisini həbs etdi

İran Məhsa Əmaninin əmisini həbs etdi

İranda 16 sentyabr 2022-ci ildə əxlaq polisi tərəfindən həbs edildikdən sonra ölümü aylarla etirazlara səbəb olan gənc iranlı qadın Məhsa Əmaninin əmisi həbs edilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Kürd insan haqları təşkilatı Henqau və Fransada yerləşən Kürdüstan İnsan Haqları Şəbəkəsi ayrı-ayrılıqda 30 yaşlı Safa Aelinin məmləkəti Sakkızda təhlükəsizlik qüvvələri tərəfindən tutularaq naməlum yerdə saxlandığını açıqlayıb.

Henqaunun sözlərinə görə, İran qüvvələri Safa Aelinin evinə heç bir order olmadan basqın ediblər. İnsan haqları təşkilatlarının məlumatına görə, Sakkız qəsəbəsi Məhsa Əmaninin ölüm ildönümünə bir neçə gün qalmış sıx təhlükəsizlik nəzarəti altındadır. Bundan əlavə, 22 yaşında dünyasını dəyişən gənc qadının məzarının ətrafına kameralar yerləşdirilib.

Əmaninin İslami geyim qaydalarına əməl etmədiyinə görə əxlaq polisi tərəfindən həbs olunduqdan sonra həbsdə olarkən ölümü İranda aylardır zorakılıqla yatırılan nümayişlərə səbəb olub. Bir ildir ki, bir çox iranlı qadın İran İslam Respublikasının sütunlarından biri olan hicablarını açaraq hakimiyyətə meydan oxuyur. İnsan haqları təşkilatları, o cümlədən "Amnesty International", İran hökumətini Məhsa Əmaninin ölüm ildönümü ərəfəsində repressiyaları gücləndirməkdə ittiham edir. Bu mənbələrin məlumatına görə, aksiyalar zamanı öldürülən etirazçıların ailə üzvləri növbəti nümayişlərin qarşısını almaq üçün həbs edilib. Mənbələr həbs olunanlar arasında ötən aylardakı etirazlarla birbaşa əlaqədə edam edilənlərdən biri olan Məhəmməd Mehdinin atasının da olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə