Putin Rusiyanın taxıl sazişindən çıxmasını bununla əlaqələndirib
"Qərb bizi aldatdı..."

Qərb Rusiyanı taxıl sazişinin humanitar məqsədləri ilə bağlı aldadır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Soçidə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla danışıqlardan sonra deyib.

“Ukraynadan ixrac edilən 32,8 milyon ton yükün 70 faizindən çoxu - bunu bir daha vurğulamaq istəyirəm, 70 faizindən çoxu - varlı ölkələrə, ilk növbədə Avropa İttifaqı ölkələrinə göndərilib”.

Bunu bəyan edən rusiyalı lider qeyd edib ki, Rusiya Federasiyası taxıl dəhlizi boyu təhlükəsizliyi təmin etdiyi halda, qarşı tərəf terror aktları üçün humanitar dəhlizlərdən istifadə edib.

Eyni zamanda, o, Rusiya Federasiyasının bütün tələblərini yerinə yetirdikdən sonra bir neçə gün ərzində razılaşmalara qayıdacağına əmin edib.

Ərdoğanla danışıqları dəyərləndirən Rusiya prezidenti danışıqların konstruktiv və işgüzar şəraitdə keçdiyi qənaətinə gəlib.

Öz növbəsində Türkiyə prezidenti etiraf edib ki, Qara dəniz taxıl sazişinə effektiv alternativ yoxdur. O, həmçinin bildirib ki, Rusiya tərəfindən Türkiyədə ikinci Atom Elektrik Stansiyasının tikintisi layihəsi müzakirə olunur.

Qeyd edək ki, danışıqlar başa çatdıqdan sonra Putin türkiyəli həmkarını şəxsən yola salıb və onunla birlikdə Soçidəki “Rus” sanatoriyasının eyvanına çıxıb.

Ərdoğan vidalaşaraq Rusiya liderini Türkiyəyə səfərə dəvət edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə