Məhəmməd Əl Fayed vəfat edib

...Londonun “Harrods” univermağının və “Paris Ritz” otelinin keçmiş sahibi, britaniyalı iş adamı Məhəmməd Əl-Fayed vəfat edib.

SİA-nın əldə etdiyi məlumata görə, 94 yaşlı Misir vətəndaşı avqustun 30-da dünyasını dəyişib, ailəsi bu barədə xəbəri sentyabrın 1-də axşam verib.

Xatırladaq ki, Əl-Fayedin oğlu Dodi Əl-Fayed 31 avqust 1997-ci ildə şahzadə Diana ilə birlikdə Parisdə avtomobil qəzasında ölüb.

Xatırladaq ki, həmən vaxt Məhəmməd Əl-Fayed qəzanın sürücünün və cütlüyü təqib edən müxbirlərin günahı olması ilə bağlı rəsmi versiya ilə razılaşmamışdı. O, oğlunun və Ledi Diananın sui-qəsdin qurbanı olduğuna inanırdı və öz təhqiqatına rəhbərlik edirdi. Lakin 2008-ci ildə London Ali Məhkəməsinin rəsmi versiyanı dəstəkləyən hökmündən sonra onu dayandırdığını açıqladı.

Son illərdə o, demək olar ki, ictimaiyyət qarşısına çıxmır və Surreydəki malikanəsində yaşayırdı.

Qeyd edək ki, Əl Fayed 1970-ci illərdə Böyük Britaniyaya köçərkən artıq uğurlu iş adamı idi.

BBC qeyd edir ki, o, heç vaxt Britaniya vətəndaşlığını almayıb; 1995-ci ildə vətəndaşlığın rədd edilməsi siyasi qalmaqala və bir sıra kabinet nazirlərinin istefasına səbəb oldu. Əl-Fayed onlara öz maraqları üçün lobbiçilik etmək üçün pul ödədiyini söyləmişdi. O, 1979-cu ildə məşhur “Paris Ritz” otelini alıb və ölənə qədər onun sahibi olaraq qalıb. Məhz bu oteldən oğlu və şahzadə Diana 1997-ci ildə taleyüklü səyahətə çıxmışdılar.

...Əl-Fayed həm də Londonda məşhurların və milyarderlərin tez-tez alış-veriş etdikləri “Harrods” univermağının sahibi olub.

Qeyd edək ki, daha sonra “Harrods” Qətərin suveren sərvət fondu tərəfindən alınıb. 1990-cı illərdə Əl Fayed də sonradan satdığı “Fulham” Futbol Klubunun sahibi olmuşdu. Yeri gəlmişkən, Əl-Fayed həm də xeyriyyə işləri ilə də məşğul olurdu.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə