Putin Priqojinin dəfninə gəlməyəcək…

Priqojin harada dəfn olunacaq…bu da məlum deyil
Putin Priqojinin dəfninə gəlməyəcək…

Rusiya prezidenti Vladimir Putin “Vaqner” PMC-nin yaradıcısı Yevgeni Priqojinin dəfn mərasimində iştirak etməyəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov “Vaqner” PMC-nin rəhbərinin harada və nə vaxt dəfn ediləcəyini dəqiqləşdirməyib. O bildirib ki, Kremldə “Vaqner” PMC-nin yaradıcısının dəfn mərasimi ilə bağlı “konkret məlumat” yoxdur.

Bəzi Rusiya KİV-ləri yazır ki, dəfn mərasimi bu gün Priqojinin doğulduğu Sankt-Peterburqda keçirilə bilər. Yerli media isə Priqojinin böyük ehtimalla Rusiya prezidentinin ata və anasının dəfn olunduğu Serafimovski qəbiristanlığında dəfn olunacağını yazır.

Bu arada “Fontanka” saytı artıq avqustun 29-un ilk saatlarında orada polis patrul maşınları peyda olduğunu xəbər verir. İndi polis qəbiristanlığın girişini bağlayıb. Qəbiristanlığın ərazisinə bitişik ən yaxın küçələr də polis tərəfindən mühasirəyə alınıb.

Qeyd edək ki, avqustun 29-da qəbiristanlıq bütün ziyarətçilər üçün bağlanıb. Deyilənlərə görə, guya məzarlıqların yaxınlığında asfalt yuyulur.

Xatırladaq ki, bir gün əvvəl Serafimovski qəbiristanlığının mərkəzi darvazasının qarşısında metal detektor çərçivələri quraşdırılıb.

“Bumaqa” Telegram kanalı da qəbiristanlığın girişində müxtəlif hüquq-mühafizə orqanlarının maşınları növbə çəkdiyini və polis əməkdaşlarının da qəbiristanlığın girişində dayandıqlarını bildirib.

Maraqlıdır ki, Priqojinin dəqiq harada dəfn ediləcəyi Sankt-Peterburq administrasiyası tərəfindən də açıqlanmır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə