Putinin dostunun həyat yoldaşı Rusiyanın ikinci ən varlı qadını oldu

...Sonradan Litvinenkonun qızı Olqa Putin üçün dissertasiyanı atasının yazdığını və elə atasının da Elmi Şuranın rəhbəri kimi uğurlu müdafiəyə töhfə verdiyini bəyan etmişdi
Putinin dostunun həyat yoldaşı Rusiyanın ikinci ən varlı qadını oldu

Sankt-Peterburq Mədən Universitetinin rektoru Vladimir Litvinenkonun həyat yoldaşı Tatyana “Forbes” jurnalının dərc etdiyi Rusiyanın ən varlı qadınları siyahısında ikinci yeri tutub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, onun sərvəti 2,8 milyard dollar qiymətləndirilir. Belə ki, Tatyana Litvinenko mineral gübrə istehsalçısı "Phosagro" holdinqinin səhmlərinin 20 faizindən çoxunun sahibi olub. Agentlik nəşri bildirir ki, səhmləri ona 2022-ci ilin mayında başqa şeylərlə yanaşı, Rusiya prezidenti Vladimir Putinin dostu kimi tanınan əri verib.

Xatırladaq ki. Vladimir Litvinenko Putinin 1997-ci ildə iqtisadiyyat üzrə namizədlik dissertasiyasını müdafiə etdiyi Elmi Şuraya rəhbərlik edib. 2000, 2004 və 2012-ci illərdə o, Putinin seçki kampaniyalarına rəhbərlik edib.

Maraqlıdır ki, 2000-ci illərin ortalarında Putinin dissertasiyasını nəzərdən keçirən ekspertlər onun mətninin əhəmiyyətli hissəsinin plagiat olduğu qənaətinə gəlmişlər. O da maraqlıdır ki, sonradan Litvinenkonun qızı Olqa Putin üçün dissertasiyanı atasının yazdığını və elə atasının da Elmi Şuranın rəhbəri kimi uğurlu müdafiəyə töhfə verdiyini bəyan etmişdi.

Qeyd edək ki, 2018-ci ildə o, sərvəti o zaman milyard dollarla qiymətləndirilən atasının Putinin “kölgə kassiri” olduğunu və mədən müəssisələrinin alqı-satqısı ilə bağlı korrupsiya sxemlərinə nəzarət etdiyini demişdi.

Onu da xatırladaq ki, Vladimir Litvinenko Rusiyanın Ukraynaya silahlı müdaxiləsindən sonra Ukrayna və ABŞ-ın sanksiya siyahısına daxil edilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə