Almaniya ilk dəfə Ukraynaya “Patriot” kompleksləri üçün raketlər verir

Almaniya ilk dəfə Ukraynaya “Patriot” kompleksləri üçün raketlər verir

Almaniya ilk dəfə olaraq Ukraynaya hərbi yardım çərçivəsində ABŞ-ın “Patriot” zenit-raket sistemləri üçün raketlər göndərib. Bundan əlavə, Kiyev, digərləri ilə yanaşı, pilotsuz uçan aparatların aşkarlanması sistemləri, 40 kəşfiyyat təyyarəsi, 22 milyon patron, 10 “Leopard” tankı və bir neçə onlarla piyada döyüş maşını alacaq.

SİA xatırladır ki, Almaniya hakimiyyəti dəfələrlə lazım olduğu müddətdə Ukraynaya dəstək verəcəyini bəyan edib. Almaniya kansleri Olaf Şolsun sözlərinə görə, 2027-ci ilə qədər Almaniyanın Kiyevə yardımının məbləği təxminən 17 milyard avro təşkil edəcək. Qeyd edək ki, ötən il Almaniya Ukraynaya 14 milyard avro məbləğində yardım edib.

Bundan əlavə, bu gün Norveç mətbuatı Hollandiya və Danimarkanın ardınca Oslonun da “F-16” döyüş təyyarələrini Ukraynaya təhvil verəcəyini bildirib.

Amma Norveçin Kiyevə neçə təyyarə göndərəcəyi və bunun nə vaxt baş verəcəyi barədə məlumat verilmir.

Danimarka və Hollandiya bu həftənin əvvəlində Ukraynaya “F-16”-ların tədarükünü elan ediblər. Bu, ukraynalı pilotlar təlim keçdikdən sonra baş verəcək.

Amerika mətbuatının yazdığına görə, pilotların ingilis dili kurslarını bitirdikdən sonra pilot hazırlığı 2024-cü ildə başlayacaq. Eyni zamanda, Danimarka bu yaxınlarda artıq təlimlərə başlandığını açıqlayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə