ABŞ-da üç nəfər Listeria bakteriyası ilə çirklənmiş süd kokteyllərini qəbul etdikdən sonra ölüb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın Vaşinqton ştatının Tacoma şəhərində dondurma aparatlarının düzgün təmizlənməməsi nəticəsində ortaya çıxan Listeria bakteriyası ilə çirklənmiş “milkshake” adlı içkini qəbul edən 3 nəfər ölüb, 3 nəfər isə xəstəxanaya yerləşdirilib.

Vaşinqton ştatının Səhiyyə Departamenti hadisə ilə bağlı açıqlama verib. Hadisə "Frugal" adlı restoranda baş verib.

Vaşinqton Dövlət Səhiyyə Departamenti 27 fevral və 22 iyul tarixlərində xəstəxanaya yerləşdirilən 6 nəfərin də süd kokteylindən eyni Listeria bakteriyası ilə zəhərləndiyini müəyyən etdi. Xəstələnən 6 nəfərin 40-79 yaş arasında olduğu və immun sistemlərinin zəiflədiyi bildirilib.

Həmin bölgədə süd kokteyllərinin satışı dayandırıldı və bütün "milkshake" avadanlıqlarını təmizləmək və yenidən sınaqdan keçirmək üçün müstəqil bir müəssisəyə göndərildi. "Frugal"ın başqa filialında bakteriya aşkar edilmədiyi bildirilsə də, Frugal restoranlar şəbəkəsi ehtiyat tədbiri olaraq digər bölgələrdə südlü kokteyl istehsalını dayandırıb.

Restoranın yazılı açıqlamasında, “Vurduğumuz zərərə görə üzr istəyirik. Biz yüksək xidmət standartını qorumaq və bunun bir daha baş verməsinin qarşısını almaq üçün zəruri hesab edilən bütün dəyişikliyi etməyə hazırıq” demişdir.

Xüsusilə uşaqlar, hamilə qadınlar və yaşlılar üzərində təsirli olduğu bilinən Listeria bakteriyası adətən torpaqda, suda və heyvanlarda olduğu üçün qida yolu ilə insanlara yoluxur. Yüksək hərarət, baş ağrısı, sancı, ürəkbulanma və ishal kimi simptomlarla ortaya çıxan xəstəlik körpələrdə, yaşlılarda və immun sistemi zəif olan insanlarda ölümcül təsir göstərir.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin məlumatlarına görə, ABŞ-da hər il təxminən 1600 nəfər listeriyaya yoluxur və onlardan 260-ı ölür.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə