Avropa komissarı Ukrayna ilə bağlı təklif edir

Avropa komissarı Ukrayna ilə bağlı təklif edir

Avropa İttifaqı Ukraynaya qonşu olan beş ölkə tərəfindən Ukrayna kənd təsərrüfatı məhsullarının idxalına qoyulan və müddəti sentyabrın 15-də başa çatan qadağanı ən azı 2023-cü ilin sonuna qədər uzatmalıdır.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Avropa komissarı Yanuş Voyçexovski bildirib.

“Mənim vəzifəm Avropa Komissiyasını və üzv dövlətləri inandırmaqdır ki, birincisi, Avropa İttifaqı Ukraynadan limanlara və üçüncü ölkələrə taxıl tranzitini subsidiya etməlidir, ikincisi, idxal qadağasını bu beş ölkəyə, o cümlədən Polşaya da uzatmalıdır. Ən azı ilin sonuna qədər”.

Qeyd edək ki, Voyçexovski bunu Polşa radiosuna danışarkən deyib.

O, Avropa İttifaqı fondunun Ukraynaya yardımının bir hissəsi olaraq taxılın Afrika və Asiyaya daşınacağı təyin olunmuş limanlara daşınmasını təklif edib.

Voyçexovski əlavə edib ki, Ukrayna ayda təxminən 4 milyon ton taxıl ixrac etməlidir. Onun sözlərinə görə, Avropa İttifaqı bu qədər taxılı limanlara tranzit edə bilir, lakin “bu, vəsait tələb edir”.

Xatırladaq ki, iyunun əvvəlində Avropa Komissiyası Ukraynadan beş ölkəyə: Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiyaya buğda, qarğıdalı, kolza və günəbaxan toxumlarının ixracına qoyulan məhdudiyyətlərin sentyabrın 15-dək uzadılmasına razılıq vermişdi. Eyni zamanda, bu məhsulların bu ölkələr vasitəsilə tranzitinə icazə verilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə