Poltavada rus generalının 25 milyon dollarlıq əmlakına həbs qoyulub

Poltavada rus generalının 25 milyon dollarlıq əmlakına həbs qoyulub

Ukrayna Təhlükəsizlik Xidməti Poltava vilayətində rusiyalı general və məmur Valeri Kapaşinin ümumi dəyəri 1 milyard qrivendən (25 milyon dollardan çox) çox olan əmlakına həbs qoyub.

SİA-nın əldə etdiyi məlumata görə, Valeri Kapaşin - general-polkovnik, Rusiya Sənaye və Ticarət Nazirliyi yanında Kimyəvi Silahların Təhlükəsiz Saxlanması və Məhv edilməsi üzrə Federal İdarəsinin rəisidir. O, Ukraynanın Poltava vilayətindəndir. Sözügedən əmlak Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi ərəfəsində Rusiyaya mühacirət etdiyi və Rusiya vətəndaşlığını aldığı iddia edilən qızı və kürəkəninin adına olub.

Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, söhbət 20-dən çox ticarət obyektindən, o cümlədən restoran və mehmanxanalardan, həmçinin ofis və ticarət-əyləncə mərkəzlərindən, 17 torpaq sahəsindən və ümumi sahəsi 3 min kvadratmetrdən çox olan yaşayış əmlakından gedir.

“Axtarışlar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiya üslublu hərbi geyim, sovet simvolları, təbliğat xarakterli ədəbiyyat və Kremldən gələn mükafatlar aşkar ediblər”, - məlumatda deyilir. Kapaşin bir sıra Sovet və Rusiya ordenlərinin, o cümlədən III və IV dərəcəli “Vətənə xidmətə görə” ordenlərinin sahibidir.

Generala qarşı Ukraynanın Rusiya hesab etdiyi işğalçı dövlətlə qarşılıqlı əlaqə və terrorizmin maliyyələşdirilməsi ilə bağlı maddələr üzrə istintaq aparılır - bu maddə Kapaşinin Donbassın rus qoşunları tərəfindən işğal olunmuş ərazilərindəki biznes layihələri ilə bağlıdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə