Cənubi Amerika ölkəsi Ekvadorda prezident, vitse-prezident və 137 yerlik Milli Məclisdə vəzifə yerinə yetirəcək millət vəkillərinin təyin olunacağı ümumi seçkilərdə xalq yaşanan təhlükəsizlik problemlərinin kölgəsində səs vermək üçün sandıq başına gedib. SİA xarici mətbuata istinadən xəbər verir ki, səslərin əksəriyyəti hesablandıqdan sonra prezident seçkilərinin ikinci tura keçəcəyi dəqiqləşdi.
Ekvador Milli Seçki Şurasının (CNE) verdiyi açıqlamaya görə, seçici fəallığı 82,26 faiz təşkil edib. Səslərin 85,54 faizi hesablandıqdan sonra prezidentliyə namizədlər arasında 33,13 faiz səslə Vətəndaş İnqilab Hərəkatının (VHH) namizədi Luisa Qonzales birinci yeri tutub. İkinci yerdə 23,94 faiz səs toplayan sol mərkəzçi Yaşıl Etik İnqilabçı və Demokratik Hərəkatın (MOVER) namizədi Daniel Noboa qərarlaşıb. Digər namizədlər arasında Kristian Zurita 16,47 faiz, Yan Topic 14,63, Otto Sonnenholsner 7,12 və Yaku Peres 3,87 faiz səs toplayıb.
Ekvadorda prezidentliyə namizədlərdən biri olan Fernando Villavicencio, seçkiyə günlər qalmış paytaxt Kitoda keçirilən mitinqdən sonra güllələrin hədəfi olub və dünyasını dəyişib. Prezidentliyə namizədlərin seçki günü gülləkeçirməz jiletlə seçkiyə gedilən ölkədə təhlükəsizlik problemi yaşanmayıb. Milli Seçki Şurası rəsmilərinin bildirdiyinə görə, seçki zamanı təhlükəsizliyi təmin etmək üçün təxminən 90 min əsgər və polis ərazidə yerləşdirilib.
Digər tərəfdən, rəsmilər dünyanın müxtəlif yerlərindən elektron səsvermə sisteminə hücumların edildiyini bildiriblər. Hindistan, Banqladeş, Pakistan, Rusiya, Ukrayna, İndoneziya və Çindən təsbit edilən hücumların xaricdəki bəzi vətəndaşların səsvermə prosesində axsamalara səbəb olduğu, lakin bu vəziyyətin səslərin etibarlılığına təsir etmədiyi bildirilib. Bu seçkidə əldə edilən nəticələrə görə, namizədlər arasında 40 faiz səs olmadığı və ya birinci yerdə olan namizədlə 10 faizlik fərq olmadığı üçün prezident seçkilərinin ikinci tura keçəcəyi dəqiq idi. Buna görə də seçkilərdə ilk iki namizəd Luisa Qonzales və Daniel Noboa 15 oktyabr 2023-cü il bazar günü keçiriləcək prezident seçkilərinin ikinci turunda yarışacaqlar. Keçən may ayında Ekvador Milli Assambleyasının prezident Guillermo Lasso-ya qarşı impiçment işinə başlamasından sonra prezident Lasso parlamenti mayın 17-də buraxıb. Ölkə qanunlarında “qarşılıqlı ölüm” kimi tanınan bu təcrübə ilə prezident Lasso da öz vəzifəsinə son qoyaraq, növbədənkənar seçkilərin keçirilməsinə səbəb olub. Bu səbəbdən seçkilərdə qalib gələcək prezidentliyə namizəd, Gilermo Lassonun qalan səlahiyyət müddətini tamamlayaraq, 2023-cü ilin noyabrı ilə 24 may 2025-ci il tarixləri arasında prezident olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB