Kadırovun oğlunun döydüyü məhbus başqa təcridxanaya köçürülsün!

Ruslar
Kadırovun oğlunun döydüyü məhbus başqa təcridxanaya köçürülsün!

Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının üzvü Eva Merkaçova Quranı yandırdığına görə həbs edilən Nikita Juravelin Qroznıdakı istintaq təcridxanasından Federal Penitensiar Xidmətin başqa regiondakı müəssisəsinə köçürülməsini xahiş edib.

SİA-nın əldə etdiyi məlumata görə, o, sorğusunu Juravelin Çeçenistan rəhbərinin oğlu tərəfindən istintaq təcridxanasında döyülməsi xəbərləri ilə əsaslandırıb.

Qeyd edək ki, döyülmə faktı respublika rəhbərliyinin nümayəndələri tərəfindən təsdiqlənib.

Onu da qeyd edək ki, siyasətçi və jurnalist Marina Litvinoviç rusları Juravelin döyülməsi ilə bağlı Federal Penitensiar Xidmətin direktoruna Dövlət Xidmətləri vasitəsilə sorğu göndərməyə çağırıb

Yeri gəlmişkən, Rusiya Dövlət Dumasının əvvəllər Çeçenistandan olan deputatı Adam Delimxanov və Respublika Parlamentinin sədri Maqomed Daudov Ramzan Kadırovun 15 yaşlı oğlu Adamı Nikita Juraveli döydüyünə görə tərifləmişdilər.

“Dövlət Dumasının deputatları, Rusiya Federasiyasının Çeçenistan Respublikasından olan senatorları və şəxsən mən Adam Ramzanoviçi dəstəkləyirik”.

Maraqlıdır ki, bunu Delimxanov Telegram kanalında yazıb.

Çeçenistan parlamentinin sədri Daudov isə Kadırovun oğlunu “öz ölkəsinin vətənpərvəri” adlandırmaqla yanaşı, onun “nəyin bahasına olursa olsun, öz əməllərinə görə cavab verməyə hazır” olduğunu bildirib.

Bildirək ki, cümə günü axşam Çeçenistanın milli siyasət naziri Əhməd Dudayev də Adam Kadırovun hərəkətlərini təsdiqləyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə