…İlin əvvəlindən rubl dollara nisbətdə 40 faizdən çox ucuzlaşıb

…İlin əvvəlindən rubl dollara nisbətdə 40 faizdən çox ucuzlaşıb

Rusiya Bankının Direktorlar Şurası avqustun 15-də keçirilən növbədənkənar iclasında rublun çökməsi fonunda əsas uçot dərəcəsini illik 12 f aizə qaldırıb.

Bundan sonra dollar və avronun rubla nisbətdə məzənnəsi ucuzlaşıb. Saat 11-ə olan məlumata görə, Moskva birjasında dollar 96 rubl, avro isə 104 rubl səviyyəsində ticarət olunurdu. Lakin günün ortalarına doğru rubl yenidən ucuzlaşmağa başlayıb. Dollar az qala 98 rubla, avro isə 107 rubla satılırdı.

Rusiya Bankı 2024-cü ildə inflyasiyanı 4% səviyyəsində saxlamaq üçün əsas faiz dərəcəsinin əlavə artırılmasına icazə verdiyini bildirib.

Qeyd edək ki, əsas məzənnənin bugünkü artımı son bir ayda ikinci oldu. İyul ayında planlaşdırılan iclasda Mərkəzi Bank uçot dərəcəsini illik 7,5-dən 8,5 faizə qaldırdı, bundan əvvəl 2022-ci ilin sentyabrından bəri dəyişməmişdi.

Bu dəfə Rusiya Bankı dünən, avqustun 14-dən Moskva Birjasında dollar və avronun məzənnəsi 2022-ci ilin mart ayından bu yana yeni zirvələrə çatdıqdan sonra, Direktorlar Şurasının sentyabrın 15-nə planlaşdırılan iclasını gözləməmək qərarına gəlib.

Dollar 101 rublu, avro isə 110 rublu ötüb. Belə ki, ilin əvvəlindən rubl dollara nisbətdə 40 faizdən çox ucuzlaşıb.

Maraqlıdır ki, Rusiya prezidentinin köməkçisi Maksim Oreşkin, rublun zəifləməsinin əsas səbəbi kimi, Rusiya Bankının yumşaq pul siyasətini göstərib.

Xatırladaq ki, iyulun ortalarında Mərkəzi Bankın sədri Elvira Nabiullina rublun məzənnəsinin zəifləməsini xarici ticarətin dinamikasının dəyişməsi və büdcə kəsirinin artması ilə əlaqələndirmişdi.

Rublun məzənnəsi ixrac gəlirlərinin azalması səbəbindən daxili bazara kifayət qədər xarici valyutanın daxil olmaması səbəbindən zəifləyir.

Bunu bu sahə üzrə ekspertlər deyirlər.

Eyni zamanda idxalçılar və iri biznes subyektləri tərəfindən də xarici valyutaya tələbat var.

Yeri gəlmişkən, 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının iqtisadiyyata təsiri ilə əlaqədar Mərkəzi Bank dərhal əsas faiz dərəcəsini illik 20 faizə qaldırmışdı və sonra 7,5 faizə qədər tədricən enməyə başladı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə