Kiyev məhkəməsi Şaytanovu 12 il müddətinə azadlıqdan məhrum edib

Kiyev məhkəməsi Şaytanovu 12 il müddətinə azadlıqdan məhrum edib

Avqustun 14-də Kiyevin Şevçenkovski Rayon Məhkəməsi general-mayor, Ukrayna Təhlükəsizlik Xidmətinin “A” Xüsusi Əməliyyat Mərkəzinin rəhbərinin keçmiş birinci müavini Valeri Şaytanovu 12 il müddətinə azadlıqdan məhrum edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, dövlətə xəyanətdə, terror aktına cəhddə, qanunsuz silah-sursat və partlayıcı maddələr saxlamaqda təqsirli bilinib.

Şaitanovun 2014-cü ildə Kiyevdə Maydan hadisələri zamanı Həmkarlar İttifaqları Evinə nəzarəti ələ keçirərək nümayişçiləri oradan qovmuş hücum qrupuna rəhbərlik etdiyi iddia edilir. Ukraynada hakimiyyət dəyişikliyindən sonra Şaytanovun Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlığa başladığı iddia edilir.

Məhkəmə Şaytanovun dövlət sirri təşkil edən məlumatları toplayıb Rusiyaya ötürməsi ilə bağlı istintaqın nəticələri ilə razılaşıb.

Generalın “Bobıl” təxəllüsü ilə Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin agenti olduğu iddia edilir, onun vəzifələrindən biri terror aktı törətmək üçün keçmiş Ukrayna Təhlükəsizlik Xidməti əməkdaşları arasında şəxslərin axtarışı olub.

Ukrayna Baş Prokurorluğunun mesajında hücumun “İçkeriya Çeçenistan Respublikasının Silahlı Qüvvələrinin mayoruna” qarşı törədildiyi ehtimal olunur.

Həmən mayor 2015-ci ilin fevralından Ukraynanın şərqindəki müharibə zamanı Cövhər Dudayev adına Beynəlxalq Sülhməramlı Batalyona rəhbərlik edib.

Qeyd edək ki, mesajda bu şəxsin adı çəkilməsə də, lakin söhbətin Donbassda Ukrayna tərəfində döyüşən çeçen komandir Adam Osmaevdən getdiyi bilinir.

Xatırladaq ki, 2017-ci ildə Ukraynada Osmayevə iki dəfə sui-qəsd cəhdi edilib. Belə ki, 2017-ci ilin oktyabrında Osmayevin getdiyi avtomobilə atəş açıblar. Onun həyat yoldaşı Əminə Okuyeva ölüb, Osmayev yaralanıb.

Ukrayna Baş Prokurorluğu açıqlamasında bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları “Rusiya Federasiyasının xüsusi xidmət orqanları tərəfindən planlaşdırılan qətlin qarşısını alıblar”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə