Ruslar Urojaynoyedən geri çəkiliblər...

Ruslar Urojaynoyedən geri çəkiliblər...

Bunu artıq biz demirik, ruslar deyir…

Belə ki, Rusiyanın hərb yönümlü bloqları Rusiya ordusunun Donetsk vilayətində Ukrayna ordusunun Berdyansk və Mariupola çatmasına mane olan Urojaynoye kəndindən geri çəkildiyini bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Urojaynoye uğrunda ağır döyüşlər son bir neçə gün idi ki, gedirdi. Ukrayna qüvvələri ərazinin şimal hissəsinə daxil olduqdan sonra, rus qoşunları cənub hissəsində xətti tutub.

Amerika Müharibənin Öyrənilməsi İnstitutu bildirir ki, bir gün əvvəl yayımlanan döyüş meydanından çəkilmiş görüntülər Ukraynanın ərazidə irəlilədiyini təsdiqləyir.

Rusiya Müdafiə Nazirliyi bir gün əvvəl kəndə hücumu dəf etdiyini açıqlamışdı. Amma geri çəkilmə ilə bağlı rəsmi məlumat-filan verməmişdi.

Digər rus mənbələri isə kəndin hələ də Rusiyanın nəzarətində olduğunu iddia edir.

Maraqlıdır ki, Kiyev də Urojaynenin mümkün ələ keçirilməsi ilə bağlı hələlik heç bir şərh verməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə