Avropa İttifaqı Ukraynaya 200 min sursat və minlərlə raket tədarük edib

Avropa İttifaqı Ukraynaya 200 min sursat və minlərlə raket tədarük edib

Avropa İttifaqı ölkələri Ukraynaya 200 mindən çox artilleriya sursatı və elə o qədər də, müxtəlif tipli raketlər verib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Avropa İttifaqının sözçüsü Piter Stano “France Presse” agentliyinə müsahibəsində bildirib.

Deyilənlərə görə, bu ilin əvvəlində Avropa İttifaqı Ukraynaya iki milyard avro dəyərində sursat tədarükü planı barədə razılığa gəlib. Yardım paketi həm Avropa ölkələrində mövcud olan ehtiyatlardan Ukrayna qoşunlarının birbaşa tədarükü, həm də yeni döyüş sursatlarının istehsalı üçün sifarişləri nəzərdə tutur.

Planın məqsədi Ukraynanı bir il ərzində bir milyon mərmi ilə təmin etməkdir.

Planın fevral ayından mayın sonuna qədər davam edən birinci mərhələsinə əsasən, Avropa İttifaqı ölkələrinə onların arsenallarından tədarük edilən mərmilərin dəyərinin təxminən yarısını ödəmək üçün bir milyard avro ayrılıb.

Qeyd edilməlidir ki, amma nəzərdə tutulan həcmdə tədarükləri həyata keçirmək mümkün olmayıb.

Hazırda Avropa İttifaqı dövlətləri silah istehsalçıları ilə Ukrayna üçün 155 millimetrlik mərmi və raketlərin istehsalı üzrə birgə müqavilələr üzrə danışıqlar aparır.

Avropa İttifaqının məlumatına görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan bəri ona üzv ölkələr Kiyevə 20 milyard avro məbləğində hərbi-texniki yardım edib. İyulun sonuna olan məlumata görə, ABŞ Ukraynaya təxminən 44 milyard dollar vəsait ayırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə