Bu da rus neftinə tətbiq edilən qiymət tavanı...

Rusiya neftinin qiymət tavanından yuxarı satılması Kremlə bir ayda 15,3 milyard dollar qazandırıb
Bu da rus neftinə tətbiq edilən qiymət tavanı...

...2023-cü ilin iyul ayında Rusiya beynəlxalq bazarlarda 15,3 milyard dollar dəyərində neft satıb ki, bu da iyun ayı ilə müqayisədə 2,5 milyard dollar çoxdur.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Beynəlxalq Enerji Agentliyinin hesabatında deyilir.

Dənizlə tədarük edilən Rusiya neftinin orta qiyməti 64,41 dollar/barel səviyyəsinə qalxaraq G7 ölkələrinin qoyduğu 60 dollardan yuxarıdır.

Yeri gəlmişkən, Rusiya neft ixracının təxminən 80 faizi Hindistan və Çinə gedib. Doğrudur, Türkiyəyə satışlar azalsa da, amma Şərqi Avropaya tədarüklər artıb.

Gərək ki, rus neftinə qoyulan qiymət tavanını xatırlamış olarsınız..

2023-cü ilin iyulu Rusiyanın Urals neftinin orta qiymətinin 2022-ci ilin dekabrında Rusiya gəlirlərini azaltmaq üçün Qərb ölkələri tərəfindən müəyyən edilmiş qiymət tavanını rəsmi olaraq aşdığı ilk ay olub.

Bununla belə, Rusiya nefti ilə əməliyyatların real qiymətinin maksimumdan yüksək olduğu barədə ilk məlumatlar 2023-cü ilin yanvarında ortaya çıxdı.

Satış qiymətləri ilə bağlı məhdudiyyətlər daşıma və sığorta şirkətlərinə Rusiya neftinin bir barelini 60 dollardan yuxarı satan tədarükçülərlə işini qadağan etməklə həyata keçirilir(?).

İyul ayında “The Wall Street Journal” nəşri maksimum qiyməti məhdudlaşdırmaq ideyasının müəlliflərinin (...təbii ki, ABŞ və Avropa İttifaqı nəzərdə tutulur-A.B.) qiymətləri məhdudlaşdırmaq üçün daşıma bazarındakı dominant mövqelərindən tam istifadə edə bilmədiklərini etiraf etdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə