Beynəlxalq Miqrasiya Təşkilatının Sudanla bağlı hesabatı

Beynəlxalq Miqrasiya Təşkilatının Sudanla bağlı hesabatı

Sudanda Ordu ilə Çevik Dəstək Qüvvələri arasında baş verən qarşıdurmalar səbəbindən son bir həftədə 60 mindən çox sudanlının qonşu ölkələrə sığındığı bildirilib.

SİA-nın əldə etdiyi məlumata görə, Beynəlxalq Miqrasiya Təşkilatı həftəlik hesabatında Sudanda məcburi köçkünlərin sayının 3 milyon 282 min 303 nəfərə çıxdığını, qonşu ölkələrə sığınanların isə keçən həftə 60 min yeni qaçqınla 986 min 451 nəfərə yüksəldiyini bildirib.

Təşkilat sudanlı qaçqınların əksəriyyətinin Misir, Çad, Cənubi Sudan, Mərkəzi Afrika, Efiopiya və Liviyaya getdiyini açıqlayıb.

Hesabatda münaqişə başlayandan evlərini tərk etmək məcburiyyətində qalan insanların sayının 4 milyon 200 mini keçdiyi və bu rəqəmin 71 faizinin paytaxt Xartumdan, 8,5 faizinin Şimali Darfurdan və 7,5 faizinin isə cənubdan olduğu qeyd edilib.

Qeyd edək ki, Sudan ordusu bir vaxtlar dəstəklədiyi, lakin müstəqil və paralel ordu kimi fəaliyyət göstərdiyi üçün təhlükə olaraq gördüyü Çevik Dəstək Qüvvələrinin 2 il ərzində orduya tam inteqrasiyasını istəyirdi.

Həmin qüvvələrin mülki hökumətdən sonra təxminən 10 ili əhatə edən bir müddətdə bunu qəbul edə biləcəyini açıqlaması ilə başlayan gərginlik aprelin 15-i səhər saatlarında Xartum və müxtəlif şəhərlərdə tərəflər arasında silahlı qarşıdurmaya çevrilib.

Paytaxt Xartum və ətrafı ilə, xüsusilə qərb şəhərlərində davam edən şiddətli toqquşmalarda əksəriyyəti mülki şəxslər olmaqla 3000-dən çox insan həyatını itirib, on minlərlə insan isə yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə