Kim Çen İn orduya göstəriş verdi

Kim Çen İn orduya göstəriş verdi

Şimali Koreya dövlət başçısı Kim Çen İn orduya müharibə planlarını dəqiqləşdirməsi ilə əlaqədar göstəriş verib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Kimin sədrliyi ilə keçirilən Koreya Fəhlə Partiyası Hərbi Komissiyasının iclasında ordunun döyüş hazırlığı və düşmənlərə qarşı hücum planları müzakirə olunub.

Kim Çen İn sərhəd qoşunlarının artırılması, gerçək döyüş təlimlərinin keçirilməsi və yeni strategiyaların və silahların hazırlanması ilə bağlı danışıqlardan sonra orduya müharibə planlarını dəqiqləşdirməsi ilə əlaqədar göstəriş verib və vacib hərbi tədbirlərin həyata keçirilməsi haqqında qətnamə imzalayıb.

Ordunun daha güclü hücum silahları əldə etməsi və bu silahların yerləşdirilməsinin vacibliyini vurğulayan Kim müxtəlif silah və sistemlərin istehsalına başlanması ilə əlaqədar göstəriş verib.

Koreya Mərkəzi Xəbər Agentliyinin paylaşdığı görüntülərdə Kimin iclas zamanı Cənubi Koreya əhalisinin yarısının məskunlaşdığı paytaxt Seul şəhəri və ətrafındakı Koreya yarımadası xəritəsindəki bəzi nöqtələrə diqqət çəkdiyi bildirilir.

Kim həmçinin iclasda Pak Su-ilin yerinə Ri Yonq Qili Baş Qərargah rəisi təyin etdiyini açıqlayıb. Müdafiə naziri vəzifəsini də icra edən Pakın bu vəzifənin icrasına davam edib-etməyəcəyi ilə bağlı məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə