Rusiya Səudiyyədə keçirilən toplantını tənqid edib

“Ukraynanın sülh formulasındakı bütün maddələr Rusiya üçün ultimatumlardan ibarətdir”
Rusiya Səudiyyədə keçirilən toplantını tənqid edib

Rusiya hökuməti Ukrayna böhranı ilə bağlı Səudiyyə Ərəbistanında keçirilən toplantını tənqid edib.

SİA-nın əldə etdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova 24 fevraldan bəri davam edən Ukrayna müharibəsi ilə bağlı müxtəlif ölkələrin nümayəndələrinin iştirakı ilə 5-6 avqust tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ciddədə keçirilən toplantı ilə bağlı yazılı açıqlama verərək bildirib: “Bu toplantıda BRİKS-ə üzv ölkələr - Braziliya, Hindistan, Çin, Cənubi Afrika və Rusiyanın digər tərəfdaşları da iştirak edib. Müqavilələrə uyğun olaraq, bu ölkələrin öz qiymətləndirmələrini bizimlə bölüşməsini gözləyirik.

Ukraynanın sülh formulasındakı bütün maddələr Rusiya üçün ultimatumlardan ibarətdir. Bu şəkildə sülh yolu ilə həll mümkün deyil.

Rusiyanın iştirakı olmadan və maraqları nəzərə alınmadan Ukrayna böhranı ilə bağlı keçirilən hər hansı görüşün zərrə qədər dəyəri yoxdur. Hərtərəfli, davamlı və ədalətli həll yalnız rəsmi Kiyevin hərbi əməliyyatlarını və Qərb sponsorlarının Ukraynaya silah göndərməsini dayandırması ilə mümkündür.

Ukraynanın neytrallığı, bloklara qoşulmaması və qeyri-nüvə statusu ilə suverenliyinin əsasları bir daha təsdiqlənməlidir.

Rusiyanın yeni regionlarının sakinlərinin Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsində təsbit olunmuş “öz taleyini özü təyinetmə” haqqları kimi yeni regional reallıqlar tanınmalıdır.

Ukrayna və nasistlər tərksilah edilməlidir.

Ukraynada rusdilli vətəndaşların və milli azlıqların hüquqlarına daxili qanunvericilik və beynəlxalq hüququn tələblərinə uyğun təminat verilməlidir. Bunlar həyata keçirilərsə, Rusiyanın uğrunda mübarizə apardığı beynəlxalq sülh və təhlükəsizliyə tam cavab veriləcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə