Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) nümayəndələri Nigerdəki üsyançılara ultimatum verərək onları avqustun 6-dək devrilmiş prezident Məhəmməd Bazuma hakimiyyəti qaytarmağa çağırıblar. Bu barədə "Reuters" məlumat yayıb. Bildirilib ki, Qərbi Afrikanın müdafiə rəisləri Nigerdəki çevriliş bazar gününə qədər ləğv edilmədiyi təqdirdə hərbi əməliyyat planını həyata keçirəcəklər.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə,15 ölkədən ibarət “ECOWAS” Nigerə qarşı sanksiyalar tətbiq edib. Ayın 4-də Qərbi Afrika ölkələri icmasının nümayəndələrindən ibarət heyəti danışıqlar aparmaq üçün Nigerin paytaxtı Niameyə gəlsə də, üsyançılar tərəfindən qəbul olunmayıblar.
Nigerin devrilmiş prezidenti Məhəmməd Bazum ABŞ və dünya ictimaiyyətini ölkədə konstitusiya quruluşunu bərpa etməyə çağırıb.
ABŞ, Çin, Avropa və Rusiya üçün Niger uran və neftlə zəngin Sahel bölgəsində islamçı üsyançılarla müharibədə strateji əhəmiyyətə malikdir. Birləşmiş Ştatlar Nigerə fayda verən bəzi xarici yardım proqramlarını dayandırsa da, humanitar və ərzaq yardımı göstərməyə davam edir.
Xatırladaq ki, Nigerdə üsyan iyulun 26-da başlayıb. Hərbçilər ölkədə komendant saatı tətbiq edərək konstitusiyanın fəaliyyətini dayandırıblar. Onlar, həmçinin partiyaların siyasi işini qadağan ediblər. Hərbçilər Vətənin Müdafiəsi üzrə Milli Şuranın yaradıldığını elan ediblər və iyulun 28-də general Əbdürəhman Çiani Nigerin yeni başçısı elan olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB