Ciddədə Rusiyanın iştirakı olmadan Ukrayna ilə bağlı danışıqlar başlayıb

Ciddədə Rusiyanın iştirakı olmadan Ukrayna ilə bağlı danışıqlar başlayıb

Səudiyyə Ərəbistanının Ciddə şəhərində 40-a yaxın ölkənin milli təhlükəsizlik müşavir və siyasətçilərinin iştirakı ilə Ukrayna ilə bağlı iki günlük danışıqlar başlayıb.

SİA-nın əvvəl də xəbər verdiyi kimi, Rusiya ora dəvət olunmayıb, lakin KİV-in məlumatına görə, Ər-Riyad görüş barədə Moskvanı məlumatlandırmaq niyyətindədir.

Qeyd edək ki, danışıqlar zamanı Kiyevin Ukrayna prezidenti Vladimir Zelenskinin daha əvvəl danışdığı sülh düsturunu təqdim edəcəyi gözlənilir.

Zelenskinin planı 10 bənddən ibarətdir. Xüsusilə, onlar Ukraynanın nüvə, enerji və ərzaq təhlükəsizliyi, məhbusların və deportasiya edilənlərin azad edilməsi, eləcə də ölkənin ərazi bütövlüyü ilə bağlı BMT Nizamnaməsinə əməl olunması ilə bağlıdır.

“The Wall Street Journal” yazır ki, Ciddədə keçiriləcək danışıqlarda ABŞ və Avropa İttifaqının nümayəndələri Ukraynaya beynəlxalq dəstəyi gücləndirməyə çalışacaqlar. İclasda Çinin Avrasiya məsələləri üzrə nümayəndəsi və Rusiyadakı keçmiş səfiri Li Hui iştirak edir.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Pekin nümayəndəsinin Səudiyyə Ərəbistanına səfərini “super irəliləyiş” adlandırıb.

Kreml də öz növbəsində Moskvanın danışıqların gedişini diqqətlə izləyəcəyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə