Kiyev Rusiyanın altı limanını hərbi təhlükə zonası elan edib

Kiyev Rusiyanın altı limanını hərbi təhlükə zonası elan edib

Kiyev Rusiyanın Qara dənizdəki 6 limanının sularını hərbi təhlükə zonası elan edib. Bu barədə Ukrayna İnfrastruktur Nazirliyinin bölməsi olan Dövlət Hidroqrafiya məlumat yayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, burada söhbət Anapa, Gelencik, Novorossiysk, Tuapse, Soçi və Taman limanlarından gedir.

Qeyd edək ki, xəbərdarlıq avqustun 4-də dərc olunub. Ləğvi barədə isə heç bir xəbər verilmir.

Yeri gəlmişkən, Rusiyanın iyulun 17-də taxıl sazişindən çıxmasından sonra Qara dənizdə vəziyyət gərginləşib. Belə ki, Moskva Ukrayna limanlarına gedən bütün gəmiləri hərbi hədəf seçib.

Buna cavab olaraq Ukrayna Müdafiə Nazirliyi, Ukraynanın Kiyevin nəzarətində olmayan limanlarına hərbi yük daşıyan bütün gəmiləri nəzərdən keçirəcəyini bildirib.

Avqustun 4-nə keçən gecə dəniz qüvvələrinə məxsus pilotsuz təyyarələrin Novorossiyskdəki bazaya hücumu nəticəsində Rusiyanın “Oleneqorski miner” gəmisi zədələnib. Avqustun 4-ü axşam saatlarında dəniz pilotsuz təyyarələri Kerç boğazında SIG tankerinə hücum edib.

Ukrayna media mənbələrinin məlumatına görə, hücumları Ukrayna Təhlükəsizlik Xidməti təşkil edib, lakin onun rəhbəri Vasili Malyuk bunu birbaşa təsdiqləməyib. O, Rusiya gəmilərində və Krım körpüsündə baş verən partlayışları düşmənə qarşı məntiqli və təsirli addım adlandırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə