"Rusiya həmişə etibarlı taxıl tədarükçüsü olub" - PESKOV

"Rusiya həmişə etibarlı taxıl tədarükçüsü olub" - PESKOV

"Rusiya həmişə etibarlı taxıl tədarükçüsü olub və olmaqda davam edir, bununla bağlı bütün öhdəliklərini yerinə yetirir". SİA TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrelin Rusiyanın ucuz taxıl tədarükü vasitəsilə inkişaf etməkdə olan ölkələrin asılılığını gücləndirməyə çalışdığına dair iddiasına cavab olaraq o deyib: “Bu, qətiyyən belə deyil. Rusiya mövcud problemlərə baxmayaraq, etibarlı təchizatçı olub və olmaqda davam edir. Rusiya bütün öhdəliklərini yerinə yetirir”.

Kreml sözçüsü onu da qeyd edib ki, qanunsuz sanksiyalar məhdudiyyətləri olmasaydı, Rusiya taxıla artan tələbatı daha yaxşı ödəyə bilərdi.

Peskov bildirib ki, Rusiya və Türkiyə prezidentləri arasında planlaşdırılan görüşün gündəliyində Ukraynada vəziyyətin nizamlanması və taxıl sazişinin davam etdirilməsi mövzuları müzakirə ediləcək. O, həmçinin qeyd edib ki, Rusiya taxıl müqaviləsinin yerinə yetirilməsinə qayıda bilər, lakin onun şərtləri yerinə yetirilməlidir: "Bunun üçün Avropa ölkələri sadəcə olaraq məhdudiyyətləri aradan qaldırmaq üçün bir sıra tədbirlər görməlidirlər. Onlar tez yerinə yetirilə bilər və sonra Rusiya dərhal taxıl sazişinin icrasına qayıdacaq", - Peskov əlavə edib.

Taxıl müqaviləsi iyulun 17-də başa çatıb. Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin qeyd edib ki, taxıl sövdələşməsi “yeni formada” bərpa oluna bilər, lakin bu, Qərb tərəfindən konkret fəaliyyət tələb edir.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə