Belqorod sakinləri silahlandırılır...

Belqorod sakinləri silahlandırılır...

Belqorod vilayətinin hakimiyyət orqanları ərazi müdafiə birləşmələrinin üzvlərinə hərbi silahlar verib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, silahlar yerli sakinlərə “təntənəli şəraitdə” təhvil verilib.

Verilən silahlar arasında avtomatlar, dron əleyhinə silahlar və hətta UAZ maşınları da var.

Bundan əlavə pilotsuz uçuş aparatları ilə işləmək üzrə nümunəvi təlimlər də keçirilib.

TASS xəbər verir ki, Belqorod vilayətində ümumilikdə yeddi batalyon yaradılıb, Amma RİA Novosti, nədənsə səkkiz batalyon haqqında yazır.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov silah paylanmasını şərh edərək bildirib ki, bu, Belqorod vilayətindəki vəziyyətlə əlaqədar edilir. Kreml bunu “zəruri tədbir” adlandırır və buraxılan silahlara nəzarət mexanizmlərinə şübhə etmir.

Yeri gəlmişkən, bu arada Kursk vilayətinin qubernatoru Roman Starovoit də “qonşudan qalma dala” prinsipini əsas tutaraq, bölgəsindəki “ərazi müdafiə bölmələri” üçün silah almaq məsələsini qaldırıb.

Qeyd edək ki, xarici hücumu dəf etmək üçün Belqorod vilayətinin sərhədyanı ərazilərində ərazi müdafiə dəstələrinin yaradılması ötən ilin dekabrında elan edilmişdi.

Onu da qeyd edək ki, bundan əvvəl Rusiya Dövlət Duması regionların rəhbərlərinə özəl hərbi şirkətlərə bənzər ixtisaslaşmış dövlət unitar müəssisələri yaratmağa icazə vermişdi.

Yəni köhnə partizanlara bənzər bir şey...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə