Türkiyə-Misir arasındakı ticarət həcmi artırılır

Türkiyə-Misir arasındakı ticarət həcmi artırılır

Türkiyənin ticarət naziri Ömər Bolat 5 il ərzində Misirlə qarşılıqlı ticarəti 15 milyard dollara çatdırmağı hədəflədiklərini bildirib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Türkiyənin ticarət naziri Ömər Bolat Misirin sənaye və ticarət naziri Əhməd Samir Salehi və onu müşayiət edən biznes nümayəndələrini Ticarət Nazirliyində qəbul edib.

Görüşlə bağlı tvitter hesabından paylaşım edən Ömer Bolat Samir Salehlə iki ölkə arasındakı ticari və iqtisadi əlaqələri dəyərləndirdiklərini qeyd edib.

Ticarət naziri iqtisadi əlaqələrdə yeni yol xəritəsi müəyyən etdiklərini bildirərək deyib:.

“Misirlə qarşılıqlı ticarətimizi 5 il ərzində 15 milyard dollara çatdırmaq, Azad Ticarət Sazişimizi (STA) təkmilləşdirmək üçün Birgə Komitə iclasımızı keçirmək, investisiyalar və müqavilə xidmətləri sahəsində əməkdaşlığımızı inkişaf etdirmək, yerli ticarət imkanlarını araşdırmaq qərarına gəldik. Bu görüşdə qəbul etdiyimiz qərarları təqib etmək üçün Ticarət Məsləhətləşmə Mexanizmi çərçivəsində tezliklə Qahirədə görüşməyi qərara aldıq”.

Türkiyə Ticarət Nazirliyinin yaydığı bəyanatda isə, qarşılıqlı sərmayələrin artırılması nöqtəsində investorlara lazımi rahatlığı təmin etmək üçün güclü əməkdaşlığın qurulması istiqamətində konsensusun əldə edildiyi bildirilib.

Bəyanatda “Ticarət nazirləri arasında son 10 ildə ilk qarşılıqlı səfər olması baxımından əhəmiyyətli olan görüş, iki ölkə arasında qarşıdakı dövrdə irəliləyəcək ticari və iqtisadi əməkdaşlıq üçün mühüm əsas təşkil edir" ifadələrindən istifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə