Türkiyə Qara Dəniz Taxıl Təşəbbüsünün genişləndirilməsi üçün fəal səylərini davam etdirəcək və diplomatiyadan istifadə edəcək. SİA TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında bildirib.
Türkiyə prezidentinin dəftərxanası əlavə edib ki, Ərdoğan Qara Dəniz Taxıl Təşəbbüsünü “sülh körpüsü” adlandırıb və taxıl müqaviləsinin uzun müddət dayandırılmasının heç kimə fayda verməyəcəyini və taxıla ehtiyacı olan aşağı gəlirli ölkələrin ən çox zərər görəcəyini qeyd edib. Ərdoğan onu da qeyd edib ki, taxıl sövdələşməsi dayandırıldıqdan sonra taxılın qiyməti 15% artıb, onun həyata keçirilməsi zamanı isə 23% ucuzlaşıb.
İki prezident Ukraynadakı vəziyyətin nizamlanmasını da müzakirə ediblər. Türkiyə lideri, münaqişənin gərginləşməsinə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.
Xatırladaq ki, taxıl müqaviləsi iyulun 17-də başa çatıb. Ötən həftə Rusiya-Afrika forumunun plenar iclasında çıxış edən Putin bildirib ki, Rusiya əvvəlcə sazişdə iştirak etməyə razılaşıb, bir şərtlə ki, taxıl tədarükünə qeyri-qanuni maneələri aradan qaldırsın. Lakin bu şərtlərin heç biri yerinə yetirilmədi.
Öz növbəsində, Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin qeyd edib ki, taxıl sövdələşməsi “yeni formada” bərpa oluna bilər, lakin bu, Qərb tərəfindən konkret fəaliyyət tələb edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB