Roma Papası Lissabona səfər edib

Roma Papası Lissabona səfər edib

Roma Papası Fransisk Ümumdünya gənclər günü münasibətilə təşkil olunan festivalda iştirak etmək üçün Lissabona yola düşüb. SİA xəbər verir ki, 86 yaşlı pontifikin sayca 42-ci xarici apostol səfəri dörd gün sürəcək. Roma Papasının səfəri Portuqaliya rəhbərliyinə və vətəndaş cəmiyyəti nümayəndələrinə müraciətlə başlayacaq. İlk gün Fransisk rəsmi görüşlər keçirəcək, həmçinin yerli ruhanilərin nümayəndələri ilə ünsiyyətdə olacaq.

Sabah isə pontifik gənclərlə görüşəcək və festivalın rəsmi açılışını edəcək. Səfər çərçivəsində o, Müqəddəs Məryəmin Fatimə şəhərindəki ziyarətgahına da gedəcək və orada xəstələrlə birlikdə dua edəcək.

Səfərlə bağlı rəsmi qeydiyyatdan keçən ziyarətçilərin sayı 330 min olsa da, Portuqaliyanın paytaxtına 1 milyona yaxın insanın gələcəyi gözlənilir.

Qeyd edək ki, hər iki-üç ildən bir keçirilən gənclər yığıncağında ənənəvi olaraq Roma-katolik kilsəsinin rəhbərləri də iştirak edirlər. Ümumdünya gənclər günü 1986-cı ildə Roma Papası İoann II Pavel (1920-2005) tərəfindən təsis edilib. Müxtəlif ölkələrdə keçirilən tədbir sonuncu dəfə 2019-cu ildə Panamada baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə