Rusiyadakı diplomatik missiyasını “donduran” ilk Avropa ölkəsi

Rusiyadakı diplomatik missiyasını “donduran” ilk Avropa ölkəsi

İslandiya avqustun 1-dən Moskvadakı səfirliyinin işini dayandırdığını elan edərək, bunu Rusiya ilə siyasi, iqtisadi və mədəni əlaqələrin görünməmiş aşağı səviyyəyə enməsi ilə əlaqələndirib.

SİA-nın əldə etdiyi məlumata görə, bununla bağlı planlar hələ iyun ayında açıqlandı. Belə ki, İslandiya 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu başladıqdan sonra Rusiyadakı diplomatik missiyasını “donduran” ilk Avropa ölkəsi oldu.

Eyni zamanda, Reykyavik Ukraynada diplomatik mövcudluğu genişləndirmək niyyətini - Rusiyanın təcavüzü dövründə Kiyevlə həmrəylik əlaməti olaraq vurğulayır. Bununla əlaqədar olaraq, Reykyavik Vilnüslə Litvanın Kiyevdəki səfirliyinin binalarından islandiyalı diplomatların istifadəsinə dair müqavilə imzalayıb.

Qeyd edək ki, İslandiya Xarici İşlər Nazirliyi, bu ölkənin Moskvadakı səfirliyinin fəaliyyətinin dayandırmasını diplomatik münasibətlərin pozulması kimi qələmə verməməyə çağırıb.

“…Şərtlər imkan verən kimi, İslandiya fəaliyyətini bərpa etməyi hədəfləyəcək”.

İslandiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib bunu.

Onu da qeyd edək ki, İslandiyanın Moskvadakı səfirliyi Rusiyadan başqa Ermənistan, Belarus, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan və Özbəkistanla münasibətlərdə Reykyaviki təmsil edirdi. İndi nümayəndəliyi İslandiyanın Xarici İşlər Nazirliyi həyata keçirəcək.

Ümumilikdə isə bu ölkənin xarici paytaxtlarda 18 səfirliyi var.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə