Çin pilotsuz təyyarələrin ixracını məhdudlaşdırır, amma...

Deməli, Çin sentyabrın 1-dən dronların, həmçinin onların istehsalı üçün komponent və avadanlıqların ixracına müvəqqəti məhdudiyyət elan edib. Çinin Ticarət Nazirliyi yeni qaydaların milli təhlükəsizliyi qorumaq üçün tətbiq edildiyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Reuters xəbər verir.

Beləliklə, çəkisi yeddi kiloqramdan çox olan uzun mənzilli mülki pilotsuz uçuş aparatları qadağanın altına düşür. Qeyd edək ki, belə qurğular havada yarım saatdan çox qala, obyektləri daşıya və yerə atmağa qadirdir.

Dronları xaricə göndərmək yalnız xüsusi lisenziya alındıqdan sonra mümkün olacaq. Ticarət departamenti belə cihazların hərbi məqsədlər üçün istifadə riskinin olduğunu aydınlaşdırıb.

Kiyevin müttəfiqləri Çinin Rusiyanı Ukraynaya qarşı hərbi əməliyyatlarda istifadə oluna biləcək mallarla təmin etməsində şübhələnirlər. Pekin isə, həmişə olduğu kimi, bu ittihamları rədd edir.

Yeri gəlmişkən, ötən gün “Verstka” nəşri Moskvanın yarım milyard dollar dəyərində Rusiyaya idxalı qadağan olunmuş çiplər aldığını yazmışdı.

Burada əsas təkrar ixrac istiqamətləri kimi Çin, Honq-Konq, BƏƏ və Türkiyə göstərilir.

Keçmiş SSRİ dövlətləri - Qazaxıstan, Qırğızıstan, Ermənistan və Özbəkistan mühüm rol oynayırlar.

“Verstka”nın araşdırmasına görə, İtaliya, Almaniya və Estoniya birbaşa Avropa İttifaqından tədarüklərlə məşğuldur.

Qeyd edək ki, ABŞ-la münasibətləri korlamaq istəməyən Ukrayna Çindən pilotsuz təyyarələr almır. Deyim ki, bu Ukrayna müdafiə nazirinin müavini Vitali Deyneqanın etirafıdır. Amma Ukraynanın özəl olaraq alınmış Çin cihazlarından istifadə etdiyi də istisna edilmir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə