Pakistanda bazar günü 50-dən çox insanın ölümünə səbəb olan partlayışa görə məsuliyyəti İslam Dövləti (İŞİD) terror qruplaşması öz üzərinə götürüb.
Qruplaşma funksionerlərinin sözlərinə görə, onların məqsədi Pakistanda radikal “Taliban” qruplaşmasına (“Təhrik-e-Taliban”) qarşı mübarizə aparmaq olub.
SİA-nın əldə etdiyi məlumata görə, bundan əvvəl İslamçı partiyanın mitinqində törədilən terror aktına görə “Təhrik-e-Taliban”ın məsuliyyət daşıdığı iddia edilirdi.
Qeyd edək ki, İŞİD-lə bağlı “Amaq” xəbər agentliyi bazar ertəsi gecə hücumu həyata keçirən kamikadzenin fotosunu dərc edib. Şərhdə İŞİD sözçüsü terrorçunun qrup adından hərəkət etdiyini təsdiqləyir.
Onu da qeyd edək ki, məsuliyyəti üzərinə götürən İslam Dövlətinin Pakistan qolu, Xorasan Əyalətində İslam Dövləti (İSKP) “Taliban”ın Əfqanıstan qolu ilə ziddiyyət təşkil edir. İSKP hesab edir ki, Taliban İslamın tələblərinə ciddi əməl etmir.
Yeri gəlmişkən İŞİD artıq Əfqanıstanda dövlət idarələrinə, məscidlərə və məktəblərə hücum edilən bir neçə əvvəlki hücumun arxasında olduğunu etiraf edib. Maraqlıdır ki, onlar Pakistanın islamçı prinsiplərə ciddi riayət etmədiyini də bəyan edib.
Xatırladaq ki, partlayış iyulun 30-da Əfqanıstanla sərhədə yaxın Bacaur bölgəsində, Xar şəhərinin kənarında İslamçı Camaat Uləma İslam partiyası tərəfdarlarının mitinqində baş verib. Bu ərazi keçmişdə Əfqanıstan “Taliban” hərəkatı ilə sıx bağlı olan Pakistanın “Təhrik-e-Taliban” radikal islamçı hərəkatının bazası hesab olunurdu.
Hazırda olan məlumatda 54 nəfərin həlak olduğu, 200-dən çox insanın isə yaralandığı deyilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB