Bu arada İstintaq Komitəsinin tələbi ilə ukraynalı iş adamı Rinat Axmetovun Rusiyadakı aktivlərinə həbs qoyulub. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Kommersant” qəzeti hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yayıb.
Qəzetin yazdığına görə, aktivlərin müsadirəsi Axmetovun biznes strukturları tərəfindən Ukrayna ordusunun maliyyələşdirilməsi ilə bağlı Rusiyada başlanmış cinayət işi çərçivəsində baş verib.
Müstəntiqlərin fikrincə, iş adamı Ukrayna ordusuna hələ tammiqyaslı müharibə başlamamışdan əvvəl, Kiyevin Rusiyanın dəstəklədiyi Donbassdakı separatçılara qarşı hərəkətləri zamanı kömək edib.
2022-ci il fevralın 24-dən sonra onun nəzarətində olan Rusiyanın “Metinvest Eurasia” şirkətinin hesabından pullar Ukrayna Silahlı Qüvvələrinin, o cümlədən Rusiya hakimiyyəti tərəfindən tanınan “Azov” diviziyasının ehtiyaclarına gedib.
Axmetova qarşı terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı cinayət işi 2020-ci ilin sentyabrından Rusiyada araşdırılır.
Qeyd edək ki, Axmetov hələlik aktivlərinə qoyulan həbslə bağlı heç nə bildirməyib.
Yeri gəlmişkən, Rinat Axmetov Ukraynanın ən varlı sahibkarlarından biri, milyarderdir. Onun biznes imperiyasına metallurgiya, dağ-mədən sənayesi, elektrik enerjisi, kənd təsərrüfatı kompleksi və digər sahələrdə 100-dən çox müəssisə daxildir.
Axmetov həmçinin 2022-ci ildə Rusiyanın şəhərə hücumu zamanı tamamilə dağıdılmış Mariupolda nəhəng metallurgiya şirkəti “Azovstal”ın sahibi idi.
Xatırladaq ki, iyun ayında Rinat Axmetov Rusiyaya qarşı Avropa İnsan Haqları Məhkəməsinə iddia qaldırıb. O, Rusiyanın Ukrayna infrastrukturunun dağıdılmasına, talan edilməsinə və Ukraynadan ixrac mallarının, o cümlədən müəssisələrinin istehsal etdiyi poladın çıxarılmasına görə məsuliyyət daşımasını xahiş edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB