Qlobal istiləşmə: Okean cərəyanları dayanarsa nə baş verər?

Qlobal istiləşmə: Okean cərəyanları dayanarsa nə baş verər?

İstixana qazı emissiyaları davam edərsə, tropiklər və Atlantik bölgəsinin ən şimal hissələri arasında istiliyi, soyuqluğu və yağıntıları daşıyan mühüm okean cərəyanları 2060-cı ildə dayanacaq. SİA “SciTechDaily” nəşrinə istinadən xəbər verir ki, bu, Kopenhagen Universitetinin yeni hesablamalara əsaslanan araşdırmasıdır. İqlim dəyişikliyinin təsiri ilə bağlı təsəvvür etdiyimizdən fərqli olaraq, bizi daha soyuq bir gələcək gözləyə bilər. Kopenhagen Universitetinin Niels Bohr İnstitutunun və Riyaziyyat Elmləri Departamentinin tədqiqatçıları yeni bir araşdırmada istixana qazları bugünkü səviyyədə havaya buraxılmağa davam edərsə, hazırda Şimali Atlantika bölgəsi ilə tropiklər arasında soyuq və istini paylayan okean cərəyanları sisteminin tamamilə dayanacağını proqnozlaşdırırlar.

Tədqiqatçılar qabaqcıl statistik alətlərdən və son 150 ilin okean temperaturu məlumatlarından istifadə edərək, “Termohalin Sirkulyasiyası” və ya “Atlantik Meridional Dövriyyə” (AMOC) kimi bilinən okean cərəyanının 2025-2095-ci illər arasında 95 faiz əminliklə çökəcəyini hesablayıblar. Bu, çox güman ki, 34 ildən sonra 2057-ci ildə baş verəcək və xüsusilə tropiklərdə istiləşmə və Şimali Atlantika bölgəsində fırtınaların artması ilə nəticələnə bilər.

“Atlantik Meridional Dövriyyənin dayanması Yer kürəsinin iqlimi üçün çox ciddi mənfi nəticələrə səbəb ola bilər. Məsələn, istilik və yağıntıların qlobal miqyasda paylanması dəyişəcək. Bütövlükdə yer kürəsi istiləşdikcə və istilik dalğaları daha tez-tez baş verdikcə Avropanın soyuması daha az şiddətli görünsə də, bu dayanma tropiklərin daha da istiləşməsinə səbəb olacaq. Nəticəmiz qlobal istixana qazları emissiyalarını mümkün qədər tez azaltmağın vacibliyini vurğulayır”, - Niels Bohr İnstitutundan professor Peter Ditlevsen deyir.

Tədqiqatçıların proqnozu okean cərəyanlarının qeyri-sabit olduqda nümayiş etdirdiyi erkən xəbərdarlıq siqnallarının müşahidələrinə əsaslanır. Tədqiqatçılar 1870-ci ildən bu günə qədər Şimali Atlantikanın müəyyən bölgəsində dəniz səthinin temperaturunu təhlil ediblər. Dəniz səthinin temperaturları isə yalnız son 15 il ərzində birbaşa ölçülüb.

Qeyd edək ki, “Atlantik Meridional Dövriyyə” (AMOC) qlobal okean axınları sisteminin bir hissəsidir. O, bu günə qədər tropiklərdən Atlantik bölgəsinin ən şimal bölgələrinə - ən azı Qərbi Avropaya qədər istiliyin bölüşdürülməsinin ən əhəmiyyətli hissəsini təşkil edir. Cərəyanlar ən şimal enliklərində səth sularının dərin, cənuba gedən okean axınlarına çevrilməsini təmin edir. Beləliklə, suyun dövranı Şimali Atlantika bölgəsinin nisbətən mülayim iqlimini qorumaq üçün vacibdir.

Qeyd edək ki, bu hesablamalar tanınmış elmi jurnal olan “Nature Communications”da dərc edilib.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə