“Scripps Research” və Bolonya Universitetinin alimləri heyvanlar üzərində təcrübə ilə sübut ediblər ki, alkoqol qəbulunun artması genetik olaraq alzheimer xəstəliyinə həssas olanlarda koqnitiv pisləşməni sürətləndirə bilər. SİA “SciTechDaily” nəşrinə istinadən xəbər verir ki, alimlər tərəfindən aparılan araşdırmalara görə, alzheimer xəstəliyinin inkişafı, xüsusən də genetik meyli olanlarda alkoqoldan çox istifadə nəticəsində sürətləndirilə bilər. Bu yaxınlarda “eNeuro” jurnalında dərc edilmiş araşdırma göstərir ki, alkoqol intoksikasiyasının (zəhərlənməsinin) təkrarlarla baş verməsi alzheimer xəstəliyinə genetik həssaslığı olan siçanlarda xəstəliyin gedişatını sürətləndirib. Bu siçanlar yüksək səviyyədə spirtə davamlı olaraq məruz qaldıqda, normaldan təxminən iki ay daha tez koqnitiv pozğunluq əlamətləri göstərməyə başlayıblar.
Alkoqolun alzheimer xəstəliyini şiddətləndirmək potensialını bir neçə tədqiqat araşdırsa da, epidemioloji tədqiqatlar hədsiz çox alkoqol qəbulunun ümumiyyətlə demensiya riskini artırdığına işarə edib.
Alkoqolun alzheimer xəstəliyinə təsiretmə potensialını araşdırmaq üçün tədqiqatçılar insanlar üçün spirtə məruz qalma səviyyələrini təqlid edən bir modeldə bir neçə ay ərzində siçanları dəfələrlə spirtə məruz qoyublar. Onlar təcrübə siçanlarını alzheimer xəstəliyinə həssas edən üç geni daşıyan siçanlarla müqayisə ediblər.
Komanda müəyyən edib ki, nəzarət edilən siçanlarla müqayisədə, spirtə məruz qalan siçanlar fəza nümunələrini öyrənməkdə və yadda saxlamaqda getdikcə pisləşiblər və onlar adi haldan daha erkən yaşda bu koqnitiv geriləmə əlamətlərini göstəriblər, koqnitiv pozğunluqlar isə normadan təxminən iki ay tez görülməyə başlayıb.
Tədqiqatçılar alkoqol zəhərlənməsi zamanı bu hüceyrələrdə nə baş verdiyini dəqiq müəyyən etmək üçün spirtə məruz qalmış və məruz qalmamış siçanların beyinlərindən 100 000-dən çox fərdi hüceyrənin gen ifadəsini səciyyələndirib və müqayisə ediblər.
Spirtə məruz qalan siçanlarda neyronların həyəcanlanması, neyrodegenerasiya və iltihabla əlaqəli genlərin daha yüksək göstəricisi var idi. Bu dəyişikliklər təkcə neyronlarda deyil, həm də astrositlər, mikroglia və endotel hüceyrələri kimi dəstəkləyici hüceyrələrdə baş verib.
Alzheimer zamanı müxtəlif hüceyrə populyasiyalarında gen ifadəsinin necə dəyişdiyini başa düşmək yaddaş itkisinin arxasında duran molekulyar mexanizmləri anlamaq və müalicə üsullarını inkişaf etdirmək yolunda mühüm addımdır. Tədqiqatçılar, alzheimerin alkoqol zəhərlənməsi ilə inkişafında iştirak edən gen transkripsiya yollarının spirt istehlakı olmadıqda xəstəliyin gedişatını izah etməyə kömək edə biləcəyini düşünürlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB