Erməni dirijor dələduzluqda ittiham olunur

Erməni dirijor dələduzluqda ittiham olunur

İrəvan Birinci İnstansiya Məhkəməsi Ermənistanın əməkdar artisti, dirijor Sergey Smbatyanın həbsi barədə qərar çıxarıb.

SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, külli miqdarda dələduzluqda şübhəli bilinən erməni mədəniyyət nümayəndəsi hələ ki, iki ay müddətinə həbs edilib.

Qeyd edək ki, ötən gün hüquq-mühafizə orqanlarının əməkdaşları Sergey Smbatyanla yanaşı, onun atası Ermənistanın İsraildəki keçmiş səfiri Armen Smbatyanı da dələduzluqda şübhəli bilinərək saxlayıblar.

Sputnik Ermənistan, hələ ki, işin təfərrüatlarının açıqlanmadığını yazır, sadəcə o məlumdur ki, onlar “dədə-bala” birləşərək dövlətdən 966 milyon dram (2,5 milyon dollar) məbləğində vəsait oğurlayıblar.

Onu da qeyd edək ki, nəzarət orqanı cinayət işində iştirak edən daha bir şəxsin saxlanıldığını, istintaq onun həbsi üçün məhkəməyə vəsatət qaldırdığını bildirib.

Ata Smbatyana gəlincə, onun barəsində qərar yaxın bir neçə saat ərzində veriləcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə