Türkiyə-Körfәz ölkәlәri әlaqәlәrindә yeni dövr

SETA – Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondunun baş direktoru, professor Murad Yeşiltaşın “Türkiye-Körfәz ölkәlәri әlaqәlәrindә yeni dövr” başlıqlı mәqalәsini tәqdim edirik… SİA bu barədə Tükiyə saytlarına istinad edir
Türkiyə-Körfәz ölkәlәri әlaqәlәrindә yeni dövr

2020-ci ilin sonunda Orta Şərqdə başlayan normallaşma prosesi yeni regionallaşma ehtiyacının tələbi kimi qəbul edilə bilər. Ərəb üsyan və inqilablarından sonra bölgədəki bütün ərəb dövlətləri ciddi güc itkisi yaşadı və bəzi dövlətlərdə siyasi sistem tənəzzülə uğrad. Qərb dövlətləri işə qarışaraq yeni regional sistem qurmağa cəhd etdilər. ABŞ-ın rəhbərliyi ilə müəyyən böhran nöqtələrinə müdaxilələr edildi, regional dövlətlər arasında münasibətlər yenidən müəyyən edildi və nəticədə ABŞ-ın himayəsi altında İsrail dövlətinin mərkəzdə yerləşdiyi, bütün Ərəb dövlətlərinin iradəsinin sıfır nöqtəsinə gəldiyi yeni regional nizamın addımları atıldı.

Bu yeni sistemdə Türkiyə Orta Şərqdə tək qaldı, regional siyasətdən kənarda buraxılmağa cəhd edildi. Qəribədir ki, müttəfiq kimi görünən Körfəz dövlətlərinə də öz iradələri sıfıra endirilərək, təkbaşlarına müstəqil siyasət yürütməyə imkan vermədilər. Bölgədəki bütün ölkələr Baydenin hakimiyyətə gəlməsi və onun ABŞ-da inkişaf etdirdiyi marginallaşdırıcı və hədələyici ritorika ilə bağlı xarici siyasətlərini yenidən qurdular.

Əvvəlcə Körfəz ölkələri arasında, sonra Körfəz və Ərəb dövlətləri ilə digər regional dövlətlər arasında, әn sonda bir digәri ilə problemi olan regional güclər arasında münasibətlərin normallaşması prosesi başladı. Əvvəlcə ikitərəfli münasibətlərdə gərgin olan məqamlar sıradan çıxarıldı, daha sonra yeni əməkdaşlıq platformaları yaradıldı.

Prezident Rəcəb Tayyib Ərdoğanın 17-19 iyul tarixləri arasında üç körfəz ölkəsinə (Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətərə) son səfəri bu çərçivədə həyata keçirildi. Hәmin sәfәrin hәm ikitərəfli münasibətlər, hәm regional siyasət, hәm dә qlobal miqyasda əhəmiyyətli təsirləri oldu vә gәlәcәk dә olacaq. Prezident Ərdoğanın səfərinә bu üç fərqli kontekstdə qısaca nәzәr salacağıq.

Prezident Ərdoğanın Körfəz ölkələrinə səfərinin tərəflərin ikitərəfli münasibətlərinə ciddi müsbət təsir göstərməsi qaçılmazdır. Birincisi, tərəflər arasında ticarət həcminin artırılması və ticarət məzmununun şaxələndirilməsi çox vacibdir. Türkiyə ilə Körfəz ölkələri arasındakı əlaqələr ikitərəfli ticarətlə yanaşı, yeni ölçülər qazandı. Körfəzin iqtisadi gücləri Türkiyəyə sərmayə qoyuluşlarını artırdılar. Məsələn, Türkiyənin dünyaca məşhur pilotsuz təyyarə istehsalçısı "Baykar" şirkəti ilə Səudiyyə Ərəbistanının müvafiq qurumu arasında Türkiyə tarixində ən böyük müdafiə sənayesi müqaviləsi imzalandı. Türkiye ilə BƏƏ arasında təxminən 51 milyard dollarlıq maliyyə-iqtisadi müqavilələrə qol çəkildi.

Beləliklə, Türkiyə həm şaxələndirdiyi iqtisadiyyatının daha da böyüməsinə töhfə verəcək ixrac bazarlarına çıxa biləcək, həm də Körfəz ölkələri xüsusilə müdafiə sənayesi məhsullarında Qərb dövlətlərindən asılılığını azalda biləcək.

Prezident Ərdoğanın səfərinin regional təsirləri də əhəmiyyətli olacaq. Çünki bu səfər region dövlətləri arasında münasibətləri sabit müstəviyə daşıyacaq və üç illik normallaşma prosesindən kənara çıxaracaq və regional nizamın bərqərar olması gözləntilərini artıracaq. Bununla da bir neçə vacib məqam önə çıxır.

Əvvəla, regional dövlətlər qlobal aktorların birtərəfli və müdaxiləçi siyasətlərindən qane deyillər. Regional dövlətlər qlobal aktorlara etibar etmirlər, çünki onlar haqlı olaraq hər an qlobal marketinq və ya münaqişələrin subyekti və qurbanı ola biləcəklərini düşünürlər. ABŞ ilə digər Qərb dövlətləri və qeyri-Qərb qlobal güclər arasında yaranan gərginlikdə tərəf olmaq istəməyən Türkiyə və Körfəz ölkələri aralarındakı gərginliyə son qoyaraq əməkdaşlıq sahələrinin inkişafına üstünlük verirlər. Bu səfərlə məsələn, Körfəz ölkələri müdafiə sənayesi məhsullarında çətinlik çəkən və şərti satış edən Qərb dövlətləri əvəzinə Türkiyə kimi ölkələrə üz tutur.

İkincisi, onlar bilirlər ki, regional problemləri ancaq regional aktorlarla əməkdaşlıq etməklə həll etmək olar. Qlobal aktyorların tərəf olduğu və iştirak etdiyi Suriya və Liviya böhranları kimi regional problemlərin həlli daha da çətinləşir. Aralarındakı gərginliyi azaldan Türkiyə və Körfəz ölkələri başda Yəmən, Liviya və Suriya olmaqla regional böhran nöqtələrində əməkdaşlıq edə bilər. Ən azı, onların regionda zorakılıq spiralına son qoyulmasında birlikdə işləmək ehtimalı daha yüksəkdir.

Üçüncüsü, Türkiyə ilə Körfəz ölkələri arasında münasibətlərin inkişafı Şərqi Aralıq dənizindəki balanslara da dərindən təsir edəcək. Türkiyənin son zamanlar regional tənhalığından istifadə edən Yunanıstan təkcə Misir və İsraillə deyil, Körfəz ölkələri ilə də əməkdaşlığı inkişaf etdirərək Türkiyəni Şərqi Aralıq dənizində tənhalığa məhkum etmək istədi. Türkiyənin xərclərini tək başına öz üzərinə götürərək həyata keçirdiyi müqavimət siyasəti Türkiye əleyhinə inkişafın qarşısını aldı. Ancaq Türkiyənin Orta Şərqdə normallaşma prosesi ilə Şərqi Aralıq dənizində Yunanıstan mərkəzli Türkiyəyə qarşı yaranan ittifaq tənəzzülə uğradı.

Bundan sonra Səudiyyə Ərəbistanı və BƏƏ kimi Körfəz ölkələri Yunanıstanla münasibətlərində Türkiyəni də nəzərə alaraq hərəkət edəcəklər.

Son olaraq prezident Ərdoğanın son Körfəz səfərinin də qlobal təsirləri olacaq. Bu yaxınlarda NATO-nun Vilnüs sammitində Türkiyə ilə Qərb dövlətləri arasında yeni səhifə açan Ərdoğan bu səfərlə yanaşı, Körfəz ölkələri ilə də yeni səhifə açdı. Bir ayağı Qərbdə, digər ayağı Şərqdə olan Türkiyenin əhəmiyyəti getdikcə artır. Qərb tərəfindən nəzərə alınarsa, Türkiyənin Şərqdəki əhəmiyyəti daha böyükdür. Eynilə Orta Şərqdə hörmət edilən Türkiyeyə Qərbdə də hörmətlə yanaşılacaq. Bir sözlə, Türkiyənin Orta Şərqdə atdığı bu tarixi addımların Qərbdə də bir qarşılığı olacaq.

Digər tərəfdən, ABŞ-ın müdaxiləçi və birtərəfli siyasətindən narahat olan region dövlətləri ABŞ-ın bölgədən nisbi çıxması və regiona marağın azalmasından sonra bölgədə təsirli olmağa cəhd göstərən digər güclərlə münasibətlərini inkişaf etdirir. Digər tərəfdən isə Körfəz ölkələri də bölgədəki Türkiyə kimi nüfuzlu ölkələrlə münasibətlərinə ayrı əhəmiyyət verir.

Ona görə də qlobal aktorların nisbi təsirlərini itirdiyi regionallaşma prosesində Türkiyə və Körfəz ölkələri münasibətlərini inkişaf etdirərək qlobal miqyasda güclü dövlətlərə olan asılılıqlarını azaltmağa cəhd edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə